Muxtar respublikanın Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi kənd əhalisini içməli su ilə təmin etmək məqsədi daşıyır. Layihə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılır və bu layihənin uğurlu icrası üçün bizə hərtərəfli dəstək göstərilir. İnanıram ki, qısa müddətdə bu layihəni başa çatdıra biləcəyik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Əliməmməd Nuriyev vurğulayıb ki, biz muxtar respublikada həyata keçiriləcək yeni bir layihənin də üzərində işləyirik. Artıq Yaponiya səfirliyi yeni layihəyə müsbət münasibətini bildirib. Ümidvaram ki, gələcəkdə də bu sosial layihələr uğurla davam etdiriləcək.
“Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb. Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb”, – deyən Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki, 1994-cü ildə Naxçıvanda demək olar ki, ağac yox idi, hamısı kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq.
Əliməmməd Nuriyev bildirib ki, Naxçıvan blokada şəraitində yaşamasına baxmayaraq inkişaf edir.