Qərbi Azərbaycan İcmasının ofisinin yerləşdiyi küçəyə görkəmli rəssam Mirzə Qədim İrəvaninin adı verilib.
Bu barədə NUHÇIXAN-a İcmadan məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilməsi onun xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:
"Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır".
Məlumatda xatırladılıb ki, Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918-1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib:
"Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirir".