NUHÇIXAN xəbər verir ki, muxtar respublika ərazisində mama-ginekoloji xidmətin daha da yaxşılaşdırılması məqsədilə Şərur, Kəngərli və Sədərək rayonlarında yerləşən tibb müəssisələrinin sahə mamalarının iştirakı ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında seminar təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, səhiyyə nazirliyinin bu ilin noyabr ayında keçirilən kollegiya iclasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin icrası ilə bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsi davam etdirilir.
Babək, Culfa, Şahbuz və Ordubad rayonlarında keçirilən tədbirlərdə müəyyən edilən vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb.
Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin sahə mama-ginekoloqu Vüsalə Babayeva hamilələrin reyestrinin təşkilində müasir metodların tətbiqi ilə əlaqədar məlumat veriblər.
Ərhan Novruzov