Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bildirib ki, milli ədəbiyyatımızda “Mirzə” adını daşıyan sənətkarları birləşdirən əsas cəhət olan millilik, ziyalılıq və vətəndaşlıq Mirzə Cəlilin şəxsiyyətində və yaradıcılığında özünün ən yüksək zirvəsinə çatıb.
Diqqətə çatdırılıb ki, 40 ildən artıq davam edən çoxcəhətli yaradıcılığı ilə o, ürəkdən bağlandığı xalqının sosial zülmün dəmir pəncəsindən xilas olmasına, azadlığa çıxmasına, inkişaf edən millətlərin sıralarına qoşulmasına ciddi təsir göstərib.
İnstitutun əməkdaşı Kəmalə Məmmədova “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, fiologiya üzrə fəlsəfə doktorları Həsanalı Eyvazlı “Ədibin əsərlərində nadanlığın ifşası”, Əbülfəz Əzimli “Cəlil Məmmədquluzadə: obrazlar və xarakterlər” mözularında çıxışlar edib və fikir mübadiləsi aparılıb.
Sonda Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunan “Qəm pəncərəsi” filminə baxış olub.
Röyal Kərimov