Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

A- A A+

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, Islam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı  kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb.  Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,3 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 6101 manatı ötüb.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2018-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 27.4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.

Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni  parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslübda lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir komunikasiya, o cümlədən, yüksək sürətli internetlə tam təmin edilib.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.

Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə ötən il ümumilikdə 5 milyon 818 min manatdan artıq  güzəştli kredit verilmişdir. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki,  ötən il 480 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 101 milyon 781 min ABŞ dollarından artıq məhsul ixrac olunmuşdur.

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2018-ci ilin məhsulu üçün əkilmiş 32 min 483 hektar sahədən 97 min tondan artıq məhsul götürülüb.

Yeri gəlmişkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq və təhlükəsizlik mülahizələri rəhbər tutularaq  muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi  sistemi ən yüksək səviyyədə qurulmuşdur.

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması, eyni zamanda, muxtar respublika əhalisinin əkinçilik və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına və aqrar istehsal məhsullarının ixraca çıxışının təmin olunmasına, eləcə də bu sahədə rəqabətin daha da güclənməsinə şərait yaradır. Ötən il kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 17 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 4 milyon 950 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunub.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Belə ki, ötən il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 790 min 800 manat təşkil edib. Məhz yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir. Əlamətdar haldır ki, 108-si ərzaq, 242-sı qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Təkcə ötən il muxtar respublikada 2827 yeni iş yeri yaradılıb ki, bunun da 2782-i və ya 98,4 faizi daimi iş yerləridir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2753 nəfər müxtəlif peşələrə yiyələnib.

Muxtar Respublikada aparılan quruculuq-abadlıq, muzeylər, çoxəsrlik tarixi abidələr,  inkişaf etmiş infrastruktura,otellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyəsi bölgəni həm də turizm üçün çox cəlbedici bir məkana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət etmişdir.

Lakin təəssüflər olsun ki, bu gün ölkəmizdə bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq   istiqamətində uğursuz cəhdlər göstərirlər. Iddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın  MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya sığmır. Halbuku, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığını və anklav formada Azərbaycandan aralı düşdüyünü yaxşı bilir. Belələri anlamır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətlə, Naxçıvan MR-a qarşı bu tip cəhdlər hələ Mütəllibov və AXC-Müsavat dönəmində də göstərilirdi. Onlar hətta “prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi“ kimi qondarma və antikonstitusion vəzifə də icad etmişdilər. Onların Naxçıvana göndərdiyi emissarlar regionda qarışıqlıq yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bununla həm də Ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksələn nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olması müddəasını konstitusiyadan çıxararaq Heydər Əliyevin siyasi perspektivinə mane olmağa çalışdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı onları bir daha haqsız çıxardı və xalq onların özlərini hakimiyyətdən süpürüb atdı.

Digər bir əsassız iddia Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə yönəlib. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının  136-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan və cənab Vasif Talıbovun birbaşa diqqət və qayğısı ilə maddi-texniki təchizatı gündən-günə güclənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün sözün əsl mənasında düşmənə göz dağıdır. Bu ordunun təkcə ötən il keçirdiyi əməliyyat nəticəsində 11 min hektardan çox vətən torpağı düşmən işğalından azad edildi və hazırda əkin-biçinə yararlı hala gətirilərək bölgə əhalisinin rifahına xidmət edir. Habelə, yeni azad edilmiş yüksəkliklərdən Ermənistanın bütün strateji kommunikasiyaları birbaşa zərbə altında qalır və düşməni vahimə içərisində saxlayır. İndi bəzilərinin bu ordunun adına və ya funksiyalarına hər hansı kölgə salmaq cəhdi düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Belə iddialar yalnız təəssüf doğurur və düşünürəm ki, onları əlavə şərh etməyə ehtiyac yoxdur.

Bəziləri hətta Naxçıvan sərhədlərində Azərbaycandan gedən malların niyə gömrükdə yoxlanıldığı sualını da verirlər. Bu şəxslər başa düşmür ki, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi olmadığı üçün tranzit ölkələrin ərazisindən istifadə etməyi zəruri edir. Yad ərazilərdə isə yüklərin içərisinə ən təhlükəli əlavələr edilə bilər. Bu isə Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə və sağlamlığına qarşı istənilən təxribatı törətmək niyyətində olan bir sıra xarici dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, belə adi həqiqətləri anlamaq elə də çətin deyil.   

Başqa bir həqiqətə uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan MR-in rifah halını yüksəltmək üçün bölgə  azad iqtisadi zona olmalıdır və deməli həm də sərhədlərində gömrüksüz ticarət etməlidir.  Halbuki, Naxçıvanın yuxarıda da sadaladığımız yüksəlişdə olan iqtisadi göstəriciləri belə niyyətlərin tam əsassız olduğunu sübut edir və zəruriliyini ciddi şübhə altına alır. Habelə belə addımlar bölgəyə özü ilə bərabər maliyyə fırıldaqçılarını və müxtəlif kriminal ünsürləri də cəlb edəcəkdir. Eyni zamanda düşmən dövlətlərin kəşfiyyat orqanlarının bölgədə fəallığı arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi təhdid altına düşə bilər. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizə vurulacaq zərbənin isə ümumiyyətlə heç nə ilə konpensasiya etmək mümkün olmaya bilər. Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən sabit və cinayətkarlığın ən az baş verdiyi regionudur. 

Bir məsələni də vurğulamaq yerinə düşər ki, ölkənin və onun hər hansı bir regionunun inkişafı ilə əlaqədar istənilən vətəndaş öz proqram və layihələrini müvafiq dövlət qurumlarına təqdim edə bilər. Zəruri təhlil və müzakirələrdən sonra təqdim olunmuş layihənin həyat qabiliyyətliliyi və vacibliyi mütləq dəyərləndirilir. Lakin əsaslandırılmamış arqumentləri, ideyaları adda-budda  və pərakəndə şəkildə KİV-lərdə müzakirəyə çıxarmaq hesab edirəm ki, nəinki konstruktiv addım deyil, hətta adi populizmdir.

Amma aydın məsələdir ki, xalqımızın və ictimai rəyin tələb və gözləntiləri tamam fərqlidir. Belə ki, Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin və Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun uğurlu idarəçiliyi sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bu günkü nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq ­liderliyə yüksəlib.

Göründüyü kimi, 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

 

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər

və dini qurumlar komitəsinin sədri,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: