Vaxtında yazılan kitab: “Azərbaycan şəxs adlarının izahlı lüğəti”

A- A A+

Bu yaxınlarda Ankarada “Əski türkcədə şəxs adları” adlı monoqrafiyam nəşr olunub. Bu kitabdan bir nüsxə çox böyük hörmət bəslədiyim həmkarım, professor Sayalı Sadıqovaya hədiyyə etdim. Bunun müqabilində Sayalı xanım özünün yenicə çapdan çıxmış “Azərbaycan şəxs adlarının izahlı lüğəti” kitabını mənə göndərdi. Leksika,onomastika mövzusu mənə çox doğma olduğuna görə,həm də mənim kitabımın mövzusu ilə səsləşdiyinə görə bu kitab diqqətimi çəkdi.Bu qiymətli tədqiqat işi ilə tanış olduqdan sonra öz rəyimi bildirmək qərarına gəldim.

      Qeyd edim ki, professor S.Sadıqova imzası Azərbaycan elmi ictimaiyyətinə bacarıqlı, təşkilatçı, ömrünü elmin inkişafına həsr etmiş bir elm adamı kimi yaxşı tanışdır.Qərbi Azərbaycanın Göyçə mahalında 65 il bundan əvvəl dünyaya göz açmış, 1981-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda,bu institutun Terminologiya şöbəsində əvvəl aspirant, sonra kiçik elmi işçi kimi fəaliyyətə başlayan Sayalı xanım 45 ilə yaxındır ki, Azərbaycan dilçiliyinin mühüm bir qolu olan terminologiya elmi və onun mühüm aktual məsələlərinin hərtərəfli elmi tədqiqi ilə məşğuldur.O, 2000-ci ildən bu şöbənin müdiri və 2001-ci ildən AMEA Rəyasət Reyəti, 2012-ci ildən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini kimi geniş şəkildə səmərəli fəaliyyətini davam etdirməkdədir. Bu illərdə bu komissiyanın qərarı ilə 140-dan artıq lüğət nəşr olunmuşdur ki, 50-dən artıq terminoloji lüğətin ön sözünün müəllifi və redaktoru Sayalı xanımdır.Elmin müxtəlif sahələrinin elmi dilinin formalaşmasında bu lüğətlərin mühüm əhəmiyyəti vardır. Elmi üslubun inkişafı isə ədəbi dilin inkişafına təkan verir. Ümumiyyətlə, görkəmli alimin Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı 30-a yaxın monoqrafiyası nəşr olunmuşdur.Bu baxımdan terminologiyanın aktual problemlərinin tədqiqində və inkişafında ,nəzəri problemlərinin araşdırılmasında professor S.Sadıqovanın mühüm xidmətləri vardır.

      Şəxs adları leksikanın, onomastikanın qədim və önəmli bir bölümüdür. Şəxs adları və soyadları kateqoriyası ictimai mahiyyət kəsb edir.Təsadüfi deyildir ki, bəzi xalqlar adı insanın ruhu adlandırmışdır. Hələ “Dədə Qorqud” dastanlarında şəxsin adına böyük diqqət verilmiş,”igid adın nədir, degil mənə” yazılmışdır.Türklərin qədim yazılı abidələrində,Orxon-Yenisey yazılarında şəxsin uşaqlığında,gəncliyində,qocalığında ayrı-ayrı adlar daşıdığını müşahidə edirik.Müstəqillik dövründə ad və soy adlarımızın milliləşməsi məsələsi xüsusi aktuallıq kəsb etmişdir.”Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda qarşıya qoyulan vəzifələr işığında Sayalı xanımın müavin olduğu Terminologiya Komissiyasınında onun bilavasitə iştirakı ilə xüsusi bir Adlar və soyadları komissiyası yaradılmışdır.Bu komissiya adların verilməsini ictimai bir hadisə kimi nəzarətdə saxlayır.2016-cı ildə Terminologiya Komissiyasının qərarı ilə professor S.Sadıqovanın müəllifliyi ilə “Azərbaycan şəxs adlarının izahlı lüğəti” kitabı nəşr olunmuşdur.Lüğətdə Azərbaycan adlar sistemində işlənən 6 minə yaxın ad toplanmış və onların izahı verilmişdir.Onu da qeyd etmək lazımdır ki,Qeydiyyat idarələrində adların verilməsində bu lüğət əsas götürülür.Bu lüğətin nəşrindən artıq 10 ilə yaxın vaxt keçmişdir və o, adların verilməsi və yazılışında meydana çıxan çətinliklərin həll edilməsinə tam cavab vermir.Bu ehtiyaclar nəzərə alınaraq Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə həmin kitab təkmilləşmiş və genişləndirilmiş şəkildə yenidən nəşr olunmuşdur. Kitabın əvvəlindəki müəllif ön sözü geniş və sanballı elmi-tədqiqat işi təsiri bağışlayır. Əlimizdəki 704 səhifədən ibarət olan bu kitabda 12 mindən artıq şəxs adının mənası, mənşəyi və düzgün yazılış qaydası, orfoqrafiyası müəyyənləşdirilmişdir.

          Azərbaycan dilçiliyində şəxs adları çox maraqlı bir sahədir. Bu kateqoriyanın cəmiyyətimizdəki yeri və mühüm əhəmiyyəti nəzərə alınaraq şəxs adlarına aid bir sıra lüğətlər hazırlanmışdır.Məlumdur ki,Azərbaycan onomastikasının tədqiqi və tədrisində professor Afad Qurbanovun böyük xidmətləri olmuşdur.Ona görə də müəllif burada doğru olaraq bu sahədə A.Qurbanovun onomastika məktəbinin yaranmasından, onun bu problemlə bağlı elmi əsərlərindən,tərtib etdiyi şəxs adları lüğətlərindən ayrıca bəhs etmişdir. Müəllif daha sonra, Osman Mirzəyevin, Mədət Çobanovun,Məmmədağa Şirəliyev, Bəhruz Abdullayev və Şəmsəddin Sədiyevin, Nadir Məmmədlinin, Aydın Abıyevin, Aydın Paşayevin,Fidan Qurbanovanın tərtib və nəşr etdikləri şəxs adları lüğətləri haqqında ətraflı məlumat vermişdir.

Yuxarıda qeyd etdiyimiz kimi,onomastik vahidlərin bir qolu olan antroponimlər,şəxs adları insanın cəmiyyətdə mövqeyini müəyyən edən, onları bir-birindən fərqləndirən amil olaraq mühüm əhəmiyyət kəsb edir. Şəxs adlarının əsas xüsusiyyətlərindən biri ictimai yerlərdə,iş prosesində, nitqdə başqa sözlərə nisbətən daha çox işlənməsidir. İnsanlar adla bir-birinə tez-tez müraciət edirlər.Buna görə də hər bir şəxs adı insanlar arasında ünsiyyət, münasibət yaratmağa xidmət edir. Adın bu xüsusiyyəti insanlar arasında ünsiyyəti asanlaşdırır.Şəxs adları həm də insanın dünyagörüşünü əks etdirən,dini mənsubiyyətini, milli xüsusiyyətlərini göstərən bir kateqoriya kimi ictimai funksiya daşımışdır. Prof.S.Sadıqova doğru olaraq göstərir ki,hər bir xüsusi ad milli xüsusiyyətə malik olub şəxsin hansı millətə aid olduğunun mühüm göstəricisi kimi çıxış edir. Amma başqa dil mühitində bu şəxs adları işlənərkən tərcümə edilmir,milli ana dilində olduğu kimi istifadə edilir.Şəxs adlarında milli xüsusiyyət o dərəcədə qüvvətlidir ki,bir xalqın nümayəndəsi başqa xalqlar arasında yaşasa da yenə öz milli adını saxlayır.Təcrübə göstərir ki,düzgün seçilməyən hər bir ad insana cəmiyyətdə mənfi təsir edir, onu daxil olduğu sosial mühitdə başqalarının yanında utandırır, inkişafına maneçilik yaradır.Ona görə də hər bir ad seçilərkən ciddi düşünülməli və uğurlusu seçilməlidir.Onun səslənməsi, ahəngdarlığı, sadəliyi və mənası diqqət mərkəzində olmalıdır.Bu əlamıətlər gözəl ad seçməyin bünövrəsi sayıla bilər.

Kitabda şəxs adlarının mənşəcə iki qrpundan bəhs edilir:1.milli şəxs adları.2.alınma şəxs adları.Milli mənşəli şəxs adlarının dilimizin daxili inkişaf qanunları əsasında xalqımızın tarixi, ictimai-siyasi vəziyyəti, mədəni səviyyəsi ilə bağlı təşəkkül tapdığını qeyd edən müəllif bununla əlaqədar “Dədə Qorqud” boylarının Azərbaycan ad sisteminə təsiri haqqında geniş məlumat vermişdir.Daha sonra S.Sadıqova ərəb,fars mənşəli alınma antroponimlər, şəxs adlarının dilimizə daxil olmasında ictimai-tarixi hadisələrin, münasibətlərin rolundan bəhs etmişdir. Alınma şəxs adları ad sistemimizi zənginləşdirmişdir.Bu məsələdə dinin rolu üzərində geniş dayanan müəllif doğru olaraq din amilini, müqəddəs kitabımız Quranın advermə ənənələrimizdə mühüm yer tutduğunu göstərmişdir.

Müəllif adların əmələ gəlmə yollarından bəhs edərkən aşağıdakı qrupları müəyyən etmişdir.1. etnoantroponimlər. 2.qohumluq əlaqələri əsasında yaran şəxs adları.3.topoantroponimlər. 4.Hidroantroponimlər.5.kosmoantroponimlər.6.Tarixi şəxsiyyətlərin adı ilə bağlı yaranan şəxs adları.7.Qiymətli daşların adı əsasında yaranan şəxs adları.8.Valideynlərin arzu və istəkləri əsasında yaranan şəxs adları. və s.

Məlumdur ki,şəxs adlarının istifadəsində adların düzgün yazılış qaydaları mühüm əhəmiyyət kəsb edir və ictimai-mədəni rola malikdir.Ona görə müəllif şəxs adlarının orfoqrafiyası üzərində daha ətraflı dayanmışdır.Müəllif mürəkkəb şəxs adları, tərkibində ağa, xan, bəy, mirzə, hacı, seyid, sultan, xanım, mir sözləri işlənən şəxs adlarının orfoqrafiyası haqqında maraqlı mülahizələr irəli sürmüşdür.

Azərbaycan dilində adlar sistemi daim inkişafdadır. Azərbaycan kişi adlarında igidlik, məharət, güclülük,hakimlik,qadın adlarında isə gözəllik, incəlik, mənəvi təmizlik motivləri üstünlük təşkil edir.Ona görə də “Azərbaycan şəxs adlarının izahlı lüğəti” kitabında çox doğru olaraq şəxs adları iki qrupda təqdim olunur:1.kişi adları.2.qadın adları. Lüğətin quruluşu bölməsində lüğətin hazırlanmasında nəzərə alınmış prinsiplər yığcam şəkildə qeyd edilmişdir.

Advermə ictimai hadisə hesab edilir, çünki hər bir ad xalqın milli mənəvi dəyərini özündə əks etdirir. Adların seçilib istifadə edilməsi xalqın müasir mədəni tələblərinə və Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır.Yeni adların yaranmasında dilin daxili imkanlarına hesabına yaranan sözlərə üstünlük verilməlidir.Hazırda yüzlərlə yeni adlar yaranır.Yaranan yeni adları toplamaq,orfoqrafiyasını müəyyən etmək dildə həmişə davam edən prosesdir.Məhz bu amillər nəzərə alınaraq yeni şəxs adları lüğəti, müəllifin də qeyd etdiyi kimi, vaxtaşırı nəşr edilməlidir.Bu baxımdan lüğət hər bir vətəndaşa ad seçməkdə, mənasını müəyyənləşdirməkdə, onların ehtiyacını ödəməkdə faydalı olacaqdır.

İnanırıq ki,professor Sayalı Sadıqovanın “Azərbaycan şəxs adlarının izahlı lüğəti” kitabı zamanın tələbləri əsasında meydana çıxmış bir əsər kimi elm adamlarının, hər bir azərbaycanlının, xüsusilə valideynlərin stolüstü kitabı olacaqdır.

 

ƏBÜLFƏZ QULİYEV

 AMEA-nın müxbir üzvü

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: