Ölkəmizdə şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə görülən işlərin nəticəsidir ki, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir, onlara ödənilən təqaüd və müavinətlərin məbləği ilbəil artırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 2019-cu il 30 yanvar tarixli Fərmanına əsasən, hər bir şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən olunub. Dövlət başçısını Fərmanına uyğun olaraq fevral ayından etibarən muxtar respublikada 220 şəhid ailəsinə Prezident təqaüdü artımlarla ödənilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsi prosesi də uğurla aparılır. Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında ötən dövr üzrə 142 şəhidin 153 vərəsəsinin sənədləri müvafiq qaydada araşdırılıb və bu şəxslərə birdəfəlik ödəmənin verilməsi təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir.
Muxtar respublikada şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Ötən dövrdə 39 şəhid ailəsi fərdi yaşayış evi və mənzillərlə təmin edilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının və məşğulluqlarının təmin olunması da diqqət mərkəzində saxlanılır.