Qədim zamanlardan əsası qoyulan Azərbaycanın tibb tarixi XIX əsrin sonu XX əsrin əvvəllərində yeni təşəkkül mərhələsinə qədəm qoymuş və sonrakı mərhələlərdə aparılan elmi tədqiqat və ixtiralarla daha da zənginləşmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, tibb elminin parlaq səhifələrinin yazılmasında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar və əldə etdiyi nəticələr nəinki Azərbaycanda, dünyada tibb elminin inkişafına öz töhfələrini vermişdir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Atası Əziz Əliyev və anası Leyla Abbasova qədim torpağımız olan İrəvan mahalında anadan olmuşlar. Azərbaycanlılara qarşı şüurlu surətdə həyata keçirilən soyqırım siyasəti Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur edir. Məhz Zərifə xanım Əliyeva da bu kənddə dünyaya göz açmışdı.
Zərifə xanım Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-pro¬filaktika fakültəsini bitirmiş və Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İns¬titutunda oftalmologiya üzrə ixtisaslaş¬dırma kursu keçmişdir. 1953-1957-ci illərdə Azərbaycan Elmi–Tədqiqat Of¬talmologiya İnstitutunda elmi işçi, 1960-1967-ci illərdə bö¬yük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstə¬likləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası la¬boratoriyasının, 1982-1985 – ci illərdə isə oftalmologiya kafed¬rasının müdiri vəzifələrin¬də çalışmışdır. 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”.
Uzun illər oftalmologiya sahəsində çalışan Zərifə xanım Əliyevanın Azərbaycanda elmin inkişafında müstəsna xidmətləri olmuşdur. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Bu sahədə əldə etdiyi nailiyyətlərə görə o, akademik Averbax adına mükafata layiq görülmüşdür. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, elmi işlərin, ixtira və səmərəli təkliflərin müəllifidir. Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etmişdi.
Zərifə xanım Əliyeva bütün ömrü boyu bir həkim və vətəndaş kimi xalqı üçün çalışmışdı və onun tibb elminin inkişafında oynadığı rol, həyata keçirdiyi işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və əbədi xatirələri xalqın yaddaşında daim yaşayır.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı