Dağların səsi ilə danışan bir torpaq var – adı Naxçıvandır. O, susanda da danışır, baxanda da deyir, gözləyəndə də çağırır. Bu torpaq həmişə ayıq-sayıq olub. İndi isə daha dərin bir səssizlik içindədir, amma bu səssizlik qorxu deyil, bu səssizlik hazırlıqdır.
Sükutun da öz dili var. Son günlər Naxçıvanda bu sükutun altında səngər səsi eşidilir. Torpaq nəfəs alır, sanki əsrlərin yükünü boşaltmağa, tarixini bir daha yazmağa hazırlaşır. Əlincə qalasının qaya kimi sərt baxışları yenə dağlara zillənib. Arpaçayın suyunda, Sədərəyin küləyində bir intizar var – bu intizar Vətənindir.
Səngərlər torpağın dərinliyində yazılır. Sözsüz, səssiz, lakin ucalıqla. Bu səngərlər yalnız müdafiə üçün deyil, bu səngərlər bir tarix yazmaq üçündür. Səngər qazmaq – yeri yara bilmək deyil, zamanın sinəsini yarmaqdır. Hər bir kürək vuruşunda Naxçıvanın dağları sanki nəfəs alır. Çünki bu dəfə tarix, bəlkə də, buradan başlayacaq...
Zəngəzur deyirlər... Oradan sükut gəlir. O sükutun içində qırılmış yolların, yarımçıq qalmış cığırların, bir də bölünmüş Vətənin fəryadı var. Və bu fəryadı ən yaxşı Naxçıvan eşidir. Ən yaxşı Naxçıvan anlayır – susur, amma gözləyir.
Tarix çağırır. Bu dəfə məsələ sadəcə coğrafiya deyil — bu dəfə məsələ şərəfdir, milli iradədir. Zəngəzur dəhlizi, sadəcə, bir yol deyil. Bu, parçalanmış torpağın damarını birləşdirməkdir. Bu göy üzündəki ay-ulduzun bir daha bütövləşməsidir. Bu yolda səngərlər də qazılar, ürəklər də yumruq kimi birləşər.
Bir əsgər kimi dik dayanır Naxçıvan. Səngərləri sinəsində, Vətəni ürəyində daşıyır. Sərhəd daşı tək səssiz, bayraq kimi qürurludur. Qəlbi döyünür: “Mən hazıram”, – deyir. “Bircə əmr yetər...”
Vətənpərvərlik yalnız müharibədə silah tutmaq deyil. Vətənpərvərlik sükutda səbir etməkdir. Lazım gələndə ayağa qalxmaq, Vətən torpağına çevrilən hər daş üçün döyüşə hazır olmaqdır. Vətənpərvərlik həm də öz işini yaxşı görməkdir.
Və hər gördüyün işlə Vətənə-Zəngəzura bir az da yaxınlşamaqdır.
Qarabağda zəfəri yazan ruh indi Zəngəzur yolunun qapısındadır. Naxçıvan susmur – gözləyir. Vətən oğulları yalnız səngərdə deyil, ürəyində Vətəni daşıyan hər kəsin içindədir. Onlar səssiz səngərlər qazırlar, qürurlu gözlərlə dağlara baxırlar və deyirlər:
“Biz gəlirik...”
Çünki bu torpaq bizimdir. Bu yol bizimdir. Bu tarix bizimdir.
Və bu yolun sonunda bir Lider dayanır – sözündə, əməlində, qərarında dəmir kimi möhkəm olan Ali Baş Komandan. Qarabağı azad edən iradə, bu yolun da açarını daşıyır. Biz onu tanıyırıq. Biz ona güvənirik.
O hər zaman dedi: “Biz istədiyimizə nail olacağıq”. Və biz inanırıq – necə ki Şuşaya bayraq sancıldısa, bu yol da bir gün bütöv Azərbaycanın nəfəs yolu olacaq. Səngərlər təkcə torpaqda yox, ürəklərdə də qazılır. Bu iradə, bu ruh, bu birlik – heç kimə və heç nəyə uduzmaz.
Ali Baş Komandanın bir əmri yetər, bir xalqın ayağa qalxması kifayətdir.
Biz hazırıq. Biz inanırıq. Biz güvənirik.
Bu yol bizim olacaq.
Bu Qələbə yenə bizim olacaq.
Və Naxçıvan artıq gözləmir. Naxçıvan çağırır.
Ali Baş Komandanın bir əmri və qətiyyətli siyasi iradəsi yetər.
Biz Zəngəzura dinc və ləyaqətli şəkildə qayıdacağıq. Amal və məramımız budur. Bu ləyaqət və dincliyin arxasında həmişə bir dəmir yumuruğun keşik çəkdiyini də heç kim unutmamalıdır!
Sara ƏZİMOVA
Jurnalist