V "Yüksəliş" müsabiqəsində qeydiyyatdan keçən 16 min 553 nəfərdən 78-nin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün İşçi Qrupu tərəfindən məlumatları yoxlanılarkən ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev aprelin 18-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il müsabiqəyə 9 976 nəfər təkrar müraciət edib:
"Həmin şəxslər ötən illərdə keçirilən müsabiqədə də iştirak ediblər. İlk dəfə müraciət edən namizədlərin sayı isə 6 577 nəfərdir".
İşçi Qrupunun rəhbəri həmçinin bildirib ki, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət edib:
"Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyənləşdirilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56,48 faizi dövlət sektorunda, 41,05 faizi özəl sektorda, 1,49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0,98 faizi isə beynəlxalq qurumlarda çalışır".
F.Hacıyev vurğulayıb ki, qeydiyyatdan keçən şəxslərdən bakalavariat üzrə 15 min 601 nəfəri Azərbaycanda təhsil alanlardır:
"Onlardan 713 nəfər xarici ölkələrdə, 239 nəfər isə hər ikisində təhsil alır. Bununla yanaşı, magistratura üzrə Azərbaycanda 7 016 nəfər, xaricdə 1 205, hər ikisində isə 391 nəfər təhsil alır".
İşçi Qrupun rəhbəri qeyd edib ki, bu il doktoranturada təhsil alan iştirakçıların sayında artım var:
"Müraciət edən şəxslərdən 921-i Azərbaycanda, 213-ü xarici ölkələrdə, 9 nəfər isə hər ikisində doktoranturada oxuyur".