NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda multikulturalizm və dövlət-din münasibətləri mövzusunda tədbir keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komisiyanın sədri İmran Əliyev çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan dünyada təkcə enerji resusları ilə zəngin olan ölkə kimi deyil, həm də insan hüquq və azadlıqlarına hörmətlə yanaşan, tolerant və multikultural ölkə kimi tanınır.
Qeyd olunub ki, multikulturalizm və dini məsələlər üzrə komissiyanın iş planına uyğun olaraq dini mərasimlərdə oxunan Quran ayələrinin və duaların azərbaycan dilində izahının verilməsi diqqətdə saxlanılıb. Bununla yanaşı dindarlar üçün Quran kursları təşkil olunub. Vurğulanıb ki, rayon dini icmasının tabeliyində 48 məscid fəaliyyət göstərir. Həmçinin 25 mərasim evi tikilərək sakinlərin istifadəsinə verilib, 6-sı isə hazırda tikilməkdir.
Şərur Rayon Dini İcmasının sədri Nəsib Novruzov və icmanın üzvü Mütalib İmanov qeyd ediblər ki, muxtar respublikada dini abidələrin bərpası, insanların din və əqidə azadlığına qoyulan hörmət bir daha multikultural dəyərlərdən xəbər verir.
Röyal Kərimov