Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 23-də Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. Aksiyada Azərbaycan Akademik Birliyi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Meydanda qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. İştirakçılar üzərində “Xocalıya ədalət!” sözləri yazılmış böyük ölçülü plakatla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və alman dilində hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.
Tədbir iştirakçıları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəm rəmzi olaraq qərənfillər də paylayıblar.
Aksiyanın yekununda Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış edərək bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. O, dünya ictimaiyyətinin Xocalı soyqırımına biganə qalmamalı olduğunu deyib, nəhayət ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi qiymət verməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, bəşəriyyət üçün utancverici soyqırımı törədən cinayətkarlar cəzalarını almalıdırlar.
Tədbirin sonunda meydanda böyük Azərbaycan bayrağı açan iştirakçılar “Ermənistan, işğaldan əl çək!”, “Qarabağ Azərbaycan torpağıdır!”, “Xocalıya ədalət!” və digər şüarlar səsləndiriblər.