Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə kollektivi təbrik edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 27 il bundan öncə, yəni 24 fevral 1992-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
Vurğulanıb ki, ötən dövrdə muxtar respublika gömrük sisteminin müasir tələblər səviyyəsində qurulması və xidmətin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb. Göstərilən yüksək dövlət qayğısı hesabına gömrük orqanları muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.
Ötən ilin may ayında Culfa gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi, bu ilin yanvar ayından Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsinin iş vaxtının əlavə 4 saat artırılaraq 16 saata çatdırılması bu gömrük orqanlarından istifadənin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin və tranzitin artmasına şərait yaradıb.
Gömrük orqanlarının dövlət büdcəsinin formalaşdırılması, daxili bazarın qorunması istiqamətində fəaliyyətini qeyd edən sədr müavini əməliyyat-axtarış işinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən daha səmərəli istifadə olunması, digər hüquq-mühafizə orqanları ilə birgə tədbirlərin həyata keçirilməsi nəticəsində narkotik qaçaqmalçılığı və digər hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin gücləndiyini deyib. Vurğulanıb ki, təkcə ötən il ərzində 12 cinayət xarakterli fakt üzrə 208,4 kq narkotik və psixotrop tərkibli maddə aşkar edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Səhət Həbibbəyli gömrük orqanlarının fəaliyyətinin vətəndaşlara, o cümlədən biznes subyektlərinə xidmət səviyyəsinə çatdırılması istiqamətində görüləcək işlərdən də danışıb və kollektivə uğurlar arzulayıb.
Komitənin inzibati idarəetmənin təşkili bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri haqda məlumat verib. Narkotik qaçaqmalçılığı və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə işində fərqlənmiş iki əməkdaş - Saday Paşayev və Nizami Niftəliyev “İlin gömrükçüsü” elan olunaraq mükafatlandırılıb.
Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “İnkişaf edən gömrük xidməti” adlı filmə baxıblar.