Çoxdanışan, lağlağı, boşboğaz, yanşaq, naqqal adamlara el arasında gəvəzə deyirlər. Onların işi-gücü özünü göstərmək, yaxşıya yaman demək, fürsət güdüb öz aləmlərində aranı qızışdırmaqdır. İş görmək, hünər, cəsarət göstərmək vaxtı gələndə isə başlayırlar kölgə axtarmağa. Ətəkdən tutub körpü keçirlər. Səs-səmirləri kəsilir. Çəkilirlər qınlarına.
Belə adamların ən əsas “xüsusiyyətləri”ndən biri də başlarından yekə işlərə qol qoymaqlarıdır. Əməlləri dilçəklərinə uyğun gəldi-gəlmədi hər zaddan nəsə danışmaq, fikir yürütmək istəyirlər. Məqsədləri də özlərini, ya “gözə soxmaqdır”, ya da “mən də varam” deməkdir. Uydurduqları hər cür yalanı, böhtan və şər-şamatanı məqbul hesab edirlər. Elə ki, yerlərin göstərdin, onda da başlayırlar haqqdan, ədalətdən, tərbiyədən, qanacaqdan dəm vurmağa.
Böyük ədib Cəlil Məmmədquluzadə hələ ötən əsrin əvvələrində bu tip adamlara gözəl ad qoymuşdu - ZIRRAMA.
Bu il havaların mülayim keçməsi hesabınadır ki, bəziləri yaz göbələyi kimi çərtib düşüblər ortaya. Hay-küyçü saytlarda, sosial şəbəkələrdə təngə-boğaz olublar. Söhbətlərinin mövzusu da Naxçıvandır. Muxtar respublikadakı sabitliyi, inkişafı, rifahı, hər il açılan on minlərlə iş yerini, əhali məşğulluğunu, kəndlərdə formalaşan ailə təsərrüfatlarını, məskunlaşmanı, fermerləri, torpaq mülkiyyətçilərini, sosial infrastrukturu, çəkilən yolları, bərpa olunan tariximizi, tikilən yüzlərlər məktəbi, səhiyyə müəssisəsini, xidmət obyektini, körpünü, əkilən min hektarlarla meyvə bağlarını, salınan yaşıllıq zolaqlarını, təqdim edilən turizm potensialını, müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasını, bir sözlə nail olunmuş sosial-iqtisadi inkişafı göz ardına vurub “fikir və mülahizələr” yürüdürlər, öz aləmlərində “təhlil və analizlər” aparırlar, “gündəm tuturlar”.
Fərqində deyillər ki, Naxçıvandakı inkişafı, tərəqqini, insanların yaşayışını, dolanışığını hamı bilir, görür, izləyir, təhlil edir və qiymət verir. Bura gələn də, burdan gedən də muxtar respublika barədə ağız dolusu danışır, nümunə göstərir, təbliğ və təqdir edir. İnternetdə qısa axtarış aparmaqla bu reallığa şahid olmaq mümkündür.
Daşın altına əlini qoymaq vaxtı çatanda ərşə çəkilmək, sonradan peyda olub öz aləmində “meydan sulamaq” asan işdi. Ötən əsrin 90-cı illərində Naxçıvan işğalla üz-üzə qalanda da, insanlar çörəklə imtahana çəkiləndə də, ulu öndər Heydər Əliyev Naxçıvanı qoruyub saxlayanda da, soyuqda, lampa işığında müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlayanda da isti kabinetdə yumşaq kreslolarda xumarlana-xumarlana ölkəni hərraca çıxardanlar təklif xəstəliyinə tutulmuşdular. Lakin zaman göstərdi ki, ümummilli lider Heydər Əliyevin yolu müstəqil Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin yoludur.
Ötən 20 ildən artıq bir dövrdə muxtar respublikada davam etdirilən bu yol blokada çətinliklərində iqtisadi tərəqqiyə nail olmaq, etibarlı müdafiə sistemi yaratmaq, mühüm sosial və iqtisadi layihələr reallaşdırmaq, sabitlik və rifahı təmin etmək, sağlam gələcək formalaşdırmaq kimi inkişafın Naxçıvan modelinin bir çox cəhətlərini bütün dünyaya təqdim edir. Bütün bunlara isə heç də boş-boş vədlər hesabına deyil, konkret iş görməklə, Vətəni, torpağı, xalqı sevməklə nail olunub.
Lakin qolunu çırmayıb bir daşı birini üstünə qoymayan, dünən “vədlərlə”, bu gün isə “məsləhətlərlə” dəm tutanlar indi də “yol göstərən” olublar. Atalar demiş, “Ay Pirqulu, yağlı əlin var sürt öz başına da”.
Xalqın gözü ən ədalətli tərəzidir. Onun mizanı hər kəsi öz ağırlığı qədər çəkir. Əgər çəkiyə gəlmirsinizsə, onda günahı başqa yerdə axtarmayın!
Sonda “məsləhətbazlara” mənim də bir məsləhətim var: Ədalət və vicdan anlayışları barədə təsəvvürünüz varsa, onda yazının sonundakı linkə keçid edib diqqətli baxın və oxuyun. Ordakı faktları dediklərinizlə müqayisə edin və papağınızı qarşınıza qoyub fikirləşin. Çünki həqiqəti etiraf etmək də yaxşı əməl yolunda atılan ilk addımdır.
Məndən demək, babalı sizin boynunuza...
P.S. Əziz oxucular, aşağıdakı linkə daxil olmaqla 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının nəticələri ilə tanış ola bilərsiniz: