Məktəb təliminə hazırlığın sosial-psixoloji xüsusiyyətləri

A- A A+

Şagirdin məktəb təliminə hazırlığının ilkin şərtlərindən biri onun duyğu və qavrayış inkişafının müvafiq səviyyədə olmasıdır. Şagirdlərin məktəb təliminə hazırlanması problemi psixoloqların həmişə tədqiqat obyekti olmuşdur. Şagirdlərdə xüsusi emosional vəziyyətlər yaratmaqla, maksimum əqli fəallığın təmin olunması məktəb psixoloqunun və müəllimlərin üzərinə düşür. Yüksək və effektli təcrübəyə malik olan metodist müəllimlərin iş təcrübəsini nəzərə alıb onların təcrübəsindən istifadə edirik. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin boş vaxtlarını səmərəli keçirmələri üçün rəsm, musiqi, şer, şahmat və s. kimi yarışlarda iştirak etmələrinə köməklik göstərilir. Deyilənlərdən başlıcası məktəblinin mövqeyini qəbul etmək, öyrənmək bacarığına yiyələnmək və məntiqi təfəkkürün inkişafına nail olmaqdır.

Aparılan sorğulardan məlum olmuşdur ki, şagirdlərin hamısı, nadir hallar istisna olmaqla, məktəbə böyük həvəslə can atır. Onların hər biri bu arzularını müxtəlif cür əsaslandırır, kimi məktəb həyatına əyləncələrlə dolu bir aləm kimi baxır, kimi məktəbdə “oxumaq öyrədirlər”, kimisə parta arxasında oturmaq, şəkilli kitablara, rəngli karandaşlara, məktəb çantasına və geyim formasına malik olmaq arzusundadır. Birinci sinfə daxil olan şagird ətraf aləm, onu əhatə edən cisim və hadisələr, canlı və cansız təbiətin müxtəlif xüsusiyyətləri, insanlar və onların əməyi, əxlaq normaları, davranış qaydaları, daha doğrusu, nəyin yaxşı, nəyin pis olması haqqında müəyyən bilik ehtiyatlarına malik olmalıdır.

Qeyd etmək lazımdır ki, uşağın məktəb təliminə hazırlanmasında valideyn, müəllim və məktəb psixoloqu birgə işləməlidir. Şagirddə təlimə maraq hissinin oyadılmasında bilik və vərdişlərin formalaşmasına, ətraf aləmdən yeni informasiyalar alınmasına, yönəldilməsinə xüsusi diqqət yetirilməlidir. Yəni, maraq uşaqlarda 4-5 yaşlarında yaranır və onun inkişafı böyüklərin həmin tələbatı necə ödəməsindən baş verir.

Məktəb həyatında hər cür şagirdə rast gəlinir. Məsələn, intellektual passivlik göstərən, düşünməyən, məsələ həll etməyə həvəs göstərməyən belə şagirdlərlə fərdi və qrup halında məşğul olunur və valideynləri ilə birlikdə əməkdaşlıq edilir, onların uşaqları ilə necə davranmaları haqqında məlumatlandırılır. Şagirdin hər hansı hərəkətinin nəticəsi o zaman məqsədəuyğun olur ki, görəcəyi işi aydın dərk etmiş olsun. Hər hansı işin düşünülmüş icrası isə artıq onun mənimsənildiyini göstərir.

Təcrübi fəaliyyətdə tez-tez elə şagirdlərə rast gəlinir ki, onlar təlimdən geri qalırlar. Onların təlimdən geri qalmasını hansısa qabiliyyətlərinin çatışmaması ilə izah etmək düzgün olmazdı. Doğrudur, burada hansısa qabiliyyətin çatışmaması mümkündür. Lakin məsələni bütünlüklə “qabiliyyətin olmaması” anlamı baxımından təhlil etmək qeyri-adekvat yanaşma olardı. Bununla əlaqədar olaraq, digər başqa psixi geriləmələrin səbəblərini araşdırmaq lazımdır. Buna isə istifadə ediləcək metodların düzgün seçilməsi ilə nail olmaq olar.

Qeyd etmək istəyirəm ki, oyun fəaliyyətinin məhsuldar təşkili uşağın məktəbə hazırlanmasında mühüm yerlərdən birini tutur. Qavrayış və təfəkkürün formalaşıb təkmilləşməsində, qarşılıqlı münasibətlərin əmələ gəlməsində və inkişafında oyun fəaliyyətinin əhəmiyyəti böyükdür. Oyun fəaliyyətinin müxtəlif növlərinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi öz-özlüyündə şagirdin məktəb təliminə hazırlanmasında stimul rolunu yerinə yetirmiş olur.

Beləliklə, deyilənləri ümumiləşdirib belə nəticəyə gələ bilərik ki, şagirdlərin məktəb təliminə hazırlığının əsasında onların anatomik-fizioloji inkişafının normaya uyğunluğu ilə bərabər, təlim-tərbiyənin təşkili şagirdlərdə qabiliyyətlərin inkişaf etdirilməsi və s. kimi məsələlərdə mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, şagirdin yaş dərəcəsini nəzərə almadan onlarla aparılan iş düzgün nəticə verməz.  

              

   Arifə Hacıyeva

Biçənək kənd tam orta məktəbinin psixoloqu

"Oğuz səsi" qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: