“Ailə təsərrüfatları ili” Onları təkcə Ələhidə tanımırlar - FOTOLAR

A- A A+

Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Ailə üzvlərinin birgə əməyinə əsaslanan belə təsərrüfat formaları min illər ərzində yaranmış, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə çatmışdır. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan vermişdir. Ötən il dekabrın 27-də  beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açmışdır.

Ordubad rayonunda da ailə təsərrüfatları yetərincədir. Həmin təsərrüfatlar arıçılıqla, meyvəçiliklə, tingçiliklə, limonçuluqla, şirniyyat istehsalı ilə, dağ otlarından konsentrat hazırlanması və sairə ilə məşğul olurlar.

Belə ailə təsərrüfatlarından biri də Ələhi kəndində yaşayan Yaşar Həbibovun ailə təsərrüfatıdır. Bu bacarıqlı təsərrüfat rəhbəri son illər əldə etdiyi uğurlarla nəinki rayonumuzda, eləcə də muxtar respublikamızda böyük  ad-san qazanıb. Son illər bu ailənin istər “Ailə təsərrüfatı məhsulları” festivalına, istərsə də “Arıçılıq məhsulları” festivalına çıxardığı məhsullar həm çoxçeşidliyi, həm də keyfiyyəti ilə alıcıların böyük rəğbətini qazanıb.  Elə bunun nəticəsidir ki, bu ailənin məhsulları həmin festivallarda bir neçə dəfə mükafata layiq birinci yeri tutub.

Əvvəlcə onu qeyd edək ki, ailə təsərrüfatının başçısı Yaşar Həbibov ixtisasca ali təhsilli kənd təsərrüfatı mütəxəsisidir. Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirən Yaşar Həbibov rayonumuzun Sabirkənd yaşayış məntəqəsindən başlayaraq Nəsirvaz, Nürgüt kəndlərinədək təsərrüfat sahiblərinə həm heyvandarlıq sahəsində, həm də arıçılıqda yüksək səviyyəli zootexniki xidmət göstərir.

Yaşar Həbibov bizimlə söhbətində ilk olaraq onu qeyd etdi ki, ailə təsərrüfatlarının daha əhəmiyyətli tərəflərindən biri də ailə üzvlərinin məşğulluğunun təmin olunmasıdır. Məlumdur ki, ailə üzvlərinin hər biri zamanı yetişdikcə işləmək məcburiyyətindədir. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq problemlərinin həlli isə daim dövlət tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Ailə təsərrüfatı ilə məşğul olanların ailə üzvləri isə belə tədbirlərə ehtiyac duymadan öz məşğulluqlarını təmin edirlər. 

Mən də ailə üzvlərimlə birgə belə təsərrüfatın qazanc gətirdiyini görərək uzun illərdir ki, bu sahəyə maraq göstərirəm. İllər keçdikcə əldə etdiyim gəlirin çoxalması məni daha da ruhlandırır. Buna görə də ötən hər gün hazırladığım məhsulların keyfiyyətini və kəmiyyətini daha da artırmağa çalışmışam. Ailə təsərrüfatımızın istehsal etdiyi “Altun çilək”, cəviz, ərik, alça, badımcan, heyva, tut mürəbbələri, turşular, tut arağı müxtəlif dağ otlarından və bitkilərdən hazırladığımız ekstratlar, bal, dibçək limonu və sairə məhsulların alıcıları elə qapımızdadır. Bununla belə bir sıra festivallara da həmin məhsulları çıxardaraq çoxlu alıcı qazanmışam. Bütün bu işləri görmək üçün öhdəmizdə həyətyanı torpaq sahəsi, iki hektara yaxın biçənək sahəsi və əlavə bağ sahəsi vardır. Bundan başqa yaşadığım Ələhi kəndinin hər qarışı dərman bitkiləri ilə zəngin olduğundan həmin bitkilərdən konsentrant hazırlamağımızda da heç bir problem yaşanmır. Öhdəmdə olan 30-dan yuxarı pətək, həmçinin limonçuluq sahəsi ailə təsərrüfatımızın istehsal gücünü xeyli artırmağa səbəb olur. Dibçəkdə yetişdirdiyim limonun sorağı hətta Bakı şəhərindən belə gəlir.   

Sözügedən bu ailə təsərrüfatının timsalında aydın olur ki, həmin təsərrüfatların inkişaf etdirilməsinin çox müsbət tərəfləri var.             

 

 Anar Rəcəbli

 “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: