İlkin orta əsrlərdə Ordubad sənətkarların əl işləri vasitəsi ilə tanınsa da, daha sonralar ordubadlı alimlər, dahi şəxsiyyətlər vasitəsilə şöhrətlənmiş, onlar yaratdıqları əsərlərlə, xeyir verdikləri əməllərlə bütün şərq xalqları arasında ad-san qazandırmışlar. Hələ Avropa ölkələri tanınmayan dövrdə Ordubadın yetirdiyi alimlər Şərqdə böyük kəşflər edir, elmin sirlərini, dünyanın gedişatı və ələlxüsus da kainat haqqında düzgün elmi məlumatlar verirdilər. Bu cəhətdən Nəsirəddin Tusinin kəşfləri xüsusilə hamını heyrətə salmış və onun vasitəsilə hələ onun öz sağlığında belə Ordubad bütün mədəni-elmi dünyada tanınmışdır. Onun hələ o dövrdə etdiyi kəşfləri, elmi fikirləri dörd yüz il sonra dünya alimləri, xüsusən də avropalılar təsdir etmişlər. Onun təkcə elə coğrafiya haqqında fikirlərinin ardınca gedərək indiki Amerika qitəsini tanımağa nail olmuşlar. Onun yer kürəsinin quruluşu və hərəkəti barəsindəki fikirləri isə indi də elmi ictimaiyyət tərəfindən oxunur, qəbul edilir. Özünün tərcümeyi halında bütün bu nailiyyətlərinin əsas baiskarı öz atası, ordubadlı Məhəmmədin olduğunu qeyd etmiş və özü isə baxmayaraq ki, Həmədanda doğulub, Tusda yaşamış, Marağada işləmişdir. Ordubadın ona böyük təsirini öz əlyazmalarında qələmə almışdır. Tusidən sonra isə onun nəslindən olan bir neçə ordubadlı yenə də görkəmli şəxsiyyətə çevrilmiş və birçox yerlərdə məşhur olmuşlar. Onlardan biri də Mirzə Kafi Ordubadidir. Mirzə Kafinin babaları Azərbaycanda həmişə qazi və şəriət başçısı olmuş, özü isə elm, hünər sahibi kimi məşhur olmuş, münşilik etmiş, xoşxasiyyətli bir şəxs kimi tanınmışdır. Mirzə Kafi fars-ərəb dillərini mükəmməl bilməklə yanaşı xəttatlıqla da məşğul olmuş, şikəstə, təliq xətlərində çox gözəl yazardı. O, Xacə Məhəmməd bəydən sonra münşi təyin edilmişdir. Bu vəzifədən əlavə o, hökmdarlara köməklik etmiş, onlara yol göstərmiş, dövlətin idarə işlərində misilsiz xidmətlər etmişdir. O, nədimlik vəzifəsini də icra edərdi.
Mirzə Kafi hicri-qəməri 969-cu ildə, miladi 1561-ci ildə Qəzvində vəfat etmiş və Məşhəd şəhərində dəfn edilmişdir. O, vəfat etdikdən sonra münşilik yenə Məhəmməd bəyə tapşırılmışdır. Məhəmməd bəy isə iki il bu vəzifədə işləmişdir.
Cabir Cabbarov
şərqşünas
“El həyatı” qəzeti