Naxçıvanın muxtariyyət statusu Azərbaycan Respublikasının unitar dövlətçilik prinsipi ilə ziddiyyət təşkil edirmi?
Naxçıvanın Muxtar Respublikası unitar quruluşa malik Azərbaycan Respublikasının tərkibində siyasi muxtariyyətdir. Muxtariyyətin yaranmasının beynəlxalq təcrübədən unikal fərqi ondan ibarətdir ki, Naxçıvanın hüquqi statusu qətiyyən etnik-milli amillə bağlı deyil. Onun yaranmasının əsas səbəbi 1918-1920-ci illərdə Azərbaycanın tarixi vilayəti olan Zəngəzurun ermənilər tərəfindən işğalı olmuşdur. Məhz bu işğal nəticəsində Naxçıvan ölkənin əsas ərazisindən coğrafi cəhətdən aralı düşdü. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən plebissitdə əhalinin 90%-dən çoxu bölgənin Azərbaycanın tərkibində qalmasına səs verdi. Türkiyə ilə sovet Rusiyası arasında bağlanan Moskva (1921, 16 mart) və bir tərəfdən Türkiyə və digər tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən (Rusiyanın iştirakı ilə) imzalanmış Qars müqavilələri (1921, 13 oktyabr) ilə Naxçıvana Azərbaycanın tərkibində siyasi muxtariyyət statusu verildi. Həmin müqavilələrin tarixi əhəmiyyətindən bəhs edən ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”.
1990-1993-cü illərdə böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsinin başlıca nəticələri Naxçıvanın erməni təcavüzündən qorunmasında, Naxçıvanın muxtariyyət statusunun aktuallaşması və möhkəmləndirilməsində (hansi ki, bu amil Naxçıvanın Azərbaycanın tərkib hissəsi olaraq ərazi bütövlüyünün qorunub saxlanılmasında həlledici olmuşdur) və müstəqil Azərbaycan dövlətçiliyi atributlarının bərpasında və istiqlal hərəkatının son məqsədə doğru motivasiyasının yaradılmasında özünü göstərir. Həmin illərdə ölkədə hakimiyyətdə olmuş partnomenklatura və psevdodemokratiya nümayəndələri ən yüksək hakimiyyət təmsilçiləri səviyyəsində Naxçıvanın məhz Azərbaycanın ərazi bütövlüyünə xidmət edən hüquqi statusunun ləğvinə çalışırdılar. Hətta 1992-ci ilin noyabrında keçirilən AXC-nin II qurultayında Naxçıvanın statusunun ləğvi ilə bağlı ölkə rəhbərliyi qarşısında məsuliyyətsiz çıxışlar edilmiş və həmin məsələ qurultayın qətnaməsinə salınmışdı.
O zaman olduğu kimi, indi də Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətinin unitarizminə təhlükə və ziddiyyət təşkil etdiyini söyləyən siyasi oyunbazların dünya təcrübəsindən bixəbər olduqları aydındır. Belə ki, hazırda BMT-nin üzvü olan 193 dövlətdən 25-i federativ, 168-i isə unitar dövlətlərdir. Bu unitar dövlətlərdən 22-sinin tərkibində muxtariyyətlər mövcuddur. Məsələn, Finlandiyada Aland adaları, Danimarkada Qrenlandiya və Farer adaları, Portuqaliyada Madeyra arxipelaqı və Azor adaları, İspaniyada 17 muxtariyyət, İtaliyada Cənubi Tirol və əlavə 4 muxtariyyət, Belçikada Flandriya və almandilli icma, Serbiyada Voyevodina, Fransada Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika, Çində beş iri regional muxtariyyət və ümumilikdə yüzdən artıq milli muxtariyyət, Moldovada Qaqauziya, Gürcüstanda Acarıstan, Özbəkistanda Qaraqalpaqstan Respublikası və s. Bu muxtariyyətlərin böyük əksəriyyəti məhz milli-etnik prinsipə əsaslanır və həmin siyasi muxtariyyətlərin, demək olar ki, hamısında (postsovet ölkələrinin mövcud muxtariyyətləri istisna olmaqla) separatizm meyilləri ilbəil daha da gücləndiyi halda, qeyd edilən unitar dövlətlərdə mərkəzi hakimiyyətin muxtariyyətlərin ləğvinə çalışması cəhdləri və ölkə ictimaiyyətinin müvafiq çağırışları qətiyyən müşahidə olunmur. Dünyada sanki yalnız Naxçıvanın hüquqi-siyasi statusunun tərkibində olduğu Azərbaycan dövlətinin unitarizmi ilə zidd olduğunu cidd-cəhdlə qondarıb danışanların elmi-siyasi və tarixi savadsızlığı özünü həm də onda göstərir ki, artıq 171 ildir (1848-ci ildən) rəsmi adında “Konfederasiya” ifadəsi saxlanılsa da, federasiya kimi mövcud olan İsveçrəni də öz istəklərincə konfederativ dövlət adlandırırlar. Halbuki, bu ölkənin nə 1848-ci, nə 1874-cü il konstitusiyalarında, nə də son – 1999-cu il Konstitusiyasında konfederativ dövlətin əlamətlərinə rast gəlmək mümkün deyildir. Onun inzibati-ərazi quruluşunun tərkib hissəsi olan 23 kanton isə federasiya subyektləri statusundadır.
Lakin bu gün siyasi-hüquqi statusu birbaşa onun eksklav coğrafi vəziyyəti ilə bağlı olan Naxçıvan muxtariyyətində milli-etnik amil (etnik, din, dil, mədəniyyət, siyasi həyat, tarix və iqtisadiyyat baxımından Naxçıvan tarixən həmişə Azərbaycanla bağlı olmuşdur) tamamilə istisna olduğu halda, zorla guya "separatizm" elementləri axtarılıb-tapılır, hətta zorla Naxçıvanın boynuna qoyulur və ardınca "yüksək hüquqi savad" nümayiş etdirilərək, Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətçiliyinin unitarizminə ziddiyyət təşkil etdiyi təkidlə təkrarlanır. Danışılan sözün, edilən ciddi təklifin, səsləndirilən fikrin, ortaya qoyulan mövqeyin məsuliyyətini daşımaq isə belələrini niyəsə narahat belə etmir.
Əksinə, hətta bir qədər də irəli gedilərək, Moskva və Qars müqavilələrinin ləğvini istəyirlər. Bu müqavilələrin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı vacib rolu bir tərəfə, axı heç beynəlxalq hüquq da həmin müqavilələrdən imtinanın birtərəfli həllini mümkün saymır. Belə ki, beynəlxalq müqavilələrin hüququ barədə 1969-cu il Vyana konvensiyasının 26-cı maddəsində “qüvvədə olan hər bir müqavilənin onun iştirakçıları üçün məcburi və onlar tərəfindən vicdanla yerinə yetirilməli” olduğu qeyd olunur. Tərəflər müqavilədə təsbit olunmuş şərtlərin yerinə yetirilməməsinə daxili çətinlikləri bəhanə edərək haqq qazandıra bilməzlər. Beynəlxalq hüquqa dair 1970-ci il Deklarasiyası və beynəlxalq müqavilələrə riayət edilməsi prinsipinin (“pacta sund servanda”) təsbit olunduğu 1975-ci il Helsinki Yekun Aktı da Moskva və Qars müqavilələrinin icra olunmasının hüquqi bazasını təşkil edir. Dəfələrlə mənfur düşmənlərimiz və müəyyən antiazərbaycan dairələr həmin müqavilələrin ləğvi ilə bağlı iddialar səsləndirmişlər və bu iddiaların reallaşması həmin qüvvələr üçün bu gün də aktualdır. Ən son 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiyada bəzi ermənipərəst və bu ölkənin ictimai-siyasi elitasında kifayət qədər mövqeyi olan dairələrin cidd-cəhdlə Moskva və Qars müqavilələrin ləğvi ilə bağlı apardığı geniş kampaniya nə tez unuduldu bəs?!
İddia olunur ki, guya Rusiyadakı “milli muxtar respublikaların” əvvəllər “prezident” adlanan başçıları indi “qubernator” adlandırılır və niyəsə Naxçıvan Muxtar Respublikasında “Ali vəzifəli şəxs” institutunun olması şübhəli narahatlıq doğurur. Beləliklə, daha bir savadsızlıq nümunəsi ilə oxucu auditoriyasına yanlış təsir göstərilmə cəhdi edilir. Əvvəla, RF Konstitusiyasına (maddə 65) görə, bu ölkənin tərkibindəki milli qurumlar rəsmi olaraq “Respublika” adlandırılır və “muxtar” sözü işlədilmir. İkincisi, ölkə Konstitusiyasında həmin respublikaların başçılarının necə adlandırılmasına dair müddəa yoxdur və bu, müvafiq respublikanın öz konstitusiyası ilə müəyyənləşdirilir. Məsələn, Başqırdıstan Respublikasının Konstitusiyasına görə, bu respublika RF tərkibində demokratik, hüquqi, dünyəvi dövlətdir (maddə 1, 13; “muxtar” sözü işlədilmir) və “Başqırdıstan Respublikasının Prezidenti Başqırdıstan Respublikasının ali vəzifəli şəxsidir...” (maddə 82). Eynilə, Tatarıstan Respublikasının Konstitusiyasına görə, respublika RF tərkibində demokratik, hüquqi, dünyəvi dövlətdir (maddə 1, 11; “muxtar” sözü işlədilmir) və “Tatarıstan Respublikasının Prezidenti dövlətin başçısı, Tatarıstan Respublikasının ali vəzifəli şəxsidir” (maddə 89). İlk maddədə Tatarıstanın, özünü tam dövlət hakimiyyətinə malik olmaqda ifadə olunan suverenliyə (məhdud suverenlik olsa belə) sahib olduğu da vurğulanır. Daha bir federasiya üzvü – Adıgey Respublikasının Konstitusiyasında onun demokratik, hüquqi, dünyəvi dövlət olduğu bildirilir (maddə 1, 14). “Adıgey Respublikasının başçısı Adıgey Respublikasının ali vəzifəli şəxsidir (Adıgey Respublikasında dövlət hakimiyyətinin ali icraedici orqanının rəhbəridir)” (maddə 74). Rusiyada "qubernator" yalnız federasiya subyektlərini idarə etmək üçün mərkəzdən təyin edilmiş vəzifəli şəxsdir. Siyasi muxtariyyət olan respublikalar isə federasiya subyekti statusundan daha üstün statusdadırlar və formal olaraq Rusiya ilə ittifaq müqavilələri ilə birləşmişlər. Hesab edirik ki, bu qədər nümunə kifayət edir ki, Naxçıvan Muxtar Respublikasında Konstitusiya səviyyəsində Ali vəzifəli şəxsin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olmasından duyulan qəribə “narahatlığın” fərdi kasıb təfəkkürün məhsulu olduğu aydın olsun.
Daha bir sərsəm iddiaya görə, muxtar respublikada effektiv idarəçiliyi həyata keçirmək üçün yaradılmış hansısa mərkəzi icra hakimiyyəti orqanlarının mövcudluğu guya Azərbaycanda dövlət unitarizmini pozur. Bu, ölkə parlamentində təsdqilənmiş muxtariyyətin Konstitusiyası (5-ci maddənin 2-ci və 6-cı bəndləri) ilə Naxçıvan Muxtar Respublikasına tanınmış hüquqdur. Cəmi 50 maddəlik həmin Konstitusiya isə başdan-ayağa Azərbaycanın ərazi bütövlüyünü və vahid dövlətçiliyini möhkəmləndirən müddəalarla zəngindir. Naxçıvanın ayrıca ordusu yoxdur, Azərbaycan Respublikası Silahlı Qüvvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusu vardır. İrad tutulan digər strukturlar isə coğrafi baxımdan ölkəmizin əsas hissəsindən ayrı düşmüş, 3 xarici dövlətin əhatəsində olan Naxçıvanda icra hakimiyyətinin daha effektiv, daha səmərəli və optimal təşkilini təmin edir və qanunvericiliyə tamamilə əməl edilməklə yaradılmışdır. Guya iddia etmək ki, müəyyən “qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər”, o zaman Naxçıvanın coğrafi mövqeyini bir daha xatırladıram – Naxçıvan unikal eksklav muxtariyyətdir, Dağlıq Qarabağ isə gələcəkdə yalnız anklav muxtariyyət ola bilər ki, bu da bugünkü demoqogiyanın əsas məqsədinin heç də ümummilli məsələ zəminində “narahatlıqdan” deyil, hansısa dar mənafedən doğduğuna şübhə yeri qoymur.
İndi buyurun, Naxçıvanda separatizm meyili ilə bağlı tək bir fakt ortaya qoyun. Siyasi demoqogiya və məhdud dünyagörüşdən doğan əsassız iddialarla geniş xalq kütlələrində yanlış təsəvvürlər formalaşdırmağa çalışmayın. Çünki hər kəs düşündüyünüz və arzuladığınız qədər savadsız və korafəhm deyil.
Elman Cəfərli,
tarix üzrə fəlsəfə doktoru, dosent