Sahil Tahirli: Prezident İlham Əliyevin bu sərəncamı mediamızın keçdiyi 150 illik şərəfli yola verilən ali qiymətdir
Bu sözləri NUHÇIXAN-a “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama münasibətində bildirib.
Cəmiyyət sədri qeyd edib ki, müstəqillik illərində ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən islahatlar milli media üçün də səciyyəvidir və bu sahədə davamlı inkişaf və modernləşmə təmin edilib, zəngin hüquqi baza formalaşdırılıb. Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası kimi mütərəqqi qurumlar bu gün uğurla fəaliyyət göstərərək media subyektlərinə hərtərəfli dəstək olurlar. Son illər Naxçıvan teleradiosunun, “Şərq qapısı” qəzetinin, “Kanal 35” televiziyasının, “NUHÇIXAN” Informasiya Agentliyinin səmərəli fəaliyyəti üçün yaradılan hərtərəfli şərait həm də ölkəmizin paytaxtından kənarda, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən media qurumlarının da yüksək diqqət əhatəsində olduğunu təsdiq edir.
Sərəncamda da vurğulandığı kimi, Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır. Ona görə də bu gün qətiyyətlə demək olar ki, Azərbaycan mediası həm də 150 illik şərəfli yolunu Zəfərlə taclandıran bir mediadır: “Əkinçi” ilə toxumları səpilən və Şuşa Zəfərinin müjdəçisi olan qürur yeridir,-deyə Sahil Tahirli vurğulayıb.
Cəmiyyət sədri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib, bütün həmkarlarına təbrik və xoş arzularını çatdırıb.