Bir ömürlük təşəkkür

A- A A+

Bəzən sakit bir ömür, pıçıltı sözlər və nümayişsiz addımlar zamanın axarını dəyişdirir. Bəzən elə qadınlar olur ki, səs salmadan, göz önündə görünmədən gələcəyi rənglərə bürüyürlər. Azərbaycanın mənəvi yaddaşında belə bir qadın var - Zərifə xanım Əliyeva. Səssizliyində qüdrət gizlədən bu qadının ömrü sadəcə təqvim deyildi, qadın zəkasının, ana təmkininin, insan əxlaqının canlı heykəli idi. Zəriflik, mərhəmət və elm… Bu üç söz sanki bir ömürlük yolun tərcümeyi-halı kimi Zərifə xanım Əliyevanın adına yazılıb. O, 28 aprel 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, elmə və mədəniyyətə könül vermiş bir ailədə dünyaya göz açdı. Tanrı ona həm yüksək zəkalı ata – Azərbaycan elminin gözəl həkimi Əziz Əliyev, həm də həyat yolunda silinməz iz buraxacaq bir ömür yoldaşı – Ümummilli Lider Heydər Əliyevi qismət etdi. Zərifə xanım həm də xalqımızın bu gün iftixar etdiyi Prezident İlham Əliyevin fədakar anasıdır.

Zərifə xanım ömrünü insanlara işıq bəxş edən oftalmologiyaya elminə həsr etdi. O, yalnız Azərbaycanın deyil, bütöv Sovet məkanının da ilk alimlərindən biri oldu ki, peşə xəstəliklərinin qarşısının alınması və müalicəsi sahəsində dərin elmi araşdırmalar apardı. Onun qələminin məhsulu olan əsərlər bu gün də elm fədailəri üçün etibarlı bələdçidir. Zərifə xanım, uzun illər Azərbaycan Tibb Universitetində minlərlə gənc həkimin yetişməsi üçün bir irs qoydu. Onun öyrətdiyi dərs təkcə biliklə yox, insanlığa, fədakarlığa çağırışla dolu əhatələnirdi.

Bu gün Zərifə xanımın adı Azərbaycan tibb tarixinin qızıl səhifələrində yaşayır. Onun adını daşıyan məktəblər, poliklinikalar, küçələr, parklar hamısı bir xalqın öz şəfqətli qızına bəslədiyi dərin sevginin, sonsuz ehtiramın simvoludur. Şahtaxtı kənd orta məktəbi, həmin məktəbdəki müzey, Naxçıvanda onun adını daşıyan küçə və poliklinika görkəmli alimə olan hörmətin təcəssümüdür.

1950-ci illərdə xalqımızın gözünü qamaşdıran traxoma bəlasına qarşı amansız mübarizədə yorulmadan çalışdı. Ulu öndər Heydər Əliyev onun bu misilsiz xidmətlərini belə səciyyələndirirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atmışdır. İkincisi isə Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın.”

O, yalnız böyük bir alim deyil, həm də böyük bir insanlıq məktəbi idi. Onun işıqlı xatirəsi zamanın axarında daha da ucalır, gələcək nəsillərə insan sevgisinin, elmə sədaqətin, vətənə məhəbbətin ən gözəl örnəyi kimi yaşamağa davam edir.

O, təkcə gözləri müalicə etmədi, könülləri sağaltdı, ruhlara şəfa verdi və elmin soyuq sətirlərinə insan nəfəsi qatdı. Onun apardığı tədqiqatlar, yazdığı əsərlər akademik nailiyyət deyildi. Vicdanın, sevginin və insan həyatına göstərilən ehtiramın elmi dillə yazılmış dastanı idi. Zərifə xanımın böyüklüyü titullarla, mükafatlarla ölçülmədi. Onun böyüklüyü bir evin nəfəsində, bir ailənin səssiz sükutunda, bir övladın qəlbində, bir xalqın ruhunda yaşadı. O, yalnız böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı deyildi. Həmçinin onun gücünün görünməyən dayağı, sədaqətin meyarı, kölgədə parlayan dəstəyin canlı simvolu idi.

Ümummilli Lider Zərifə xanıma bir ömürlük təşəkkürünü belə ifadə edirdi: “Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Əslində bu sadə cümlələrin ardında bir ömrün minnətdarlığı, bir xalqın qadına verdiyi dəyərin aydın etirafı gizlənirdi.

Zərifə xanım təkcə ailə qurmaqla kifayətlənmədi, O, bir dövlətin ruhunda səssiz bir mayak yandırdı. Onun tərbiyə etdiyi övlad bu gün bütöv bir xalqın qürurudur. Biz, Prezident İlham Əliyevin anası haqqında dediyi fikirlərdə təkcə şəxsi ağrı yox, dövlət təfəkkürünün ana qaynağından doğduğunun şahidi oluruq: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi.”

Bəzən insanın yoxluğu, varlığından daha çox səs gətirir. Bəlkə də bu səbəbdəndir ki, susaraq yazılan hekayə, bütün bir xalqın ürəyində əbədi yaşayır. Onun adı çəkiləndə bir səs yox, səssizlik boylanır. Dərin, anlamlı və müqəddəs. O, danışmadan düşündürdü, öyrətmədən tərbiyə etdi, göstərmədən örnək oldu.

Zərifə xanım Əliyeva ömrü ilə dövlətin ruhunu bəsləyərək səssizliyi ilə xalqı oyatdı. Onun adı Azərbaycan qadınının qürur mənbəyidir.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: