Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur, Kəngərli, Sədərək rayonlarında fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları, sığorta agentliklərinin nümayəndələri və rayon sahibkarlarının iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib. Tədbir Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin tanıdılması məqsədilə təşkil olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev yeni fəaliyyətə başlayan bu reyestrin əsaslandığı qanunvericilik, onun üstünlükləri və iş prinsipi barədə geniş məlumat verib.
Qeyd olunub ki, yeni yaradılmasına baxmayaraq Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin Naxçıvan Muxtar Respublikasında yerləşən bank, bank olmayan kredit təşkilatları, digər maliyyə qurumları, həmçinin kiçik və orta sahibkarlar üçün faydaları, gətirəcəyi yeniliklər bununla yanaşı kredit əldə etməyin yeni və daha asan forması vətəndaşların geniş marağı və istifadəsinə səbəb olub.
Palatanın əməkdaşı Elşən Cəfərli bu məlumat baza sisteminin dünya praktikasında tətbiqi, eyni zamanda reyestrdən istifadə qaydaları, onun üstünlükləri, proseslərin gedişi, qısa müddət ərzində əldə etdiyi uğurlar, statistik göstəricilər barədə geniş məlumat verib. Tədbirin əsas məqsədinin bank və bank olmayan kredit təşkilatları üçün reyestrin onlayn və əlçatan olması, müştəri dairəsinin genişlənməsi, kredit risklərinin düzgün idarə edilməsi və eyni zamanda kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanının artması, maliyyə resurslarının daha ucuz və uzunmüddətli cəlb edilməsinə şərait yaradılması, nəticə etibarilə rəqabətin artması və digər bir sıra faydaları olduğu qeyd edilib. Çıxışlardan sora tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən keçirilən anoloji tədbirlər Naxçıvan şəhərində fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları, sığorta agentliklərinin nümayəndələri və sahibkarlar üçün keçirilib.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin təqdimatı istiqamətində maarifləndirici tədbirlər muxtar respublikanın bütün rayonlarında keçiriləcək.