Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Daimi nümayəndəlikdən NUHÇIXAN-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov erməni millətçilərinin Azərbaycan torpaqları üzərində “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı dəfələrlə həyata keçirdikləri terror aktlarından, kütləvi qırğınlardan bəhs edərək deyib ki, erməni qəsbkarları, xüsusilə XX yüzilliyin əvvəllərindən başlayaraq xalqımıza qarşı amansız terror hadisələri törədiblər. 1988-ci ildən etibarən Azərbaycan torpaqlarının yenidən işğalını planlaşdıran ermənilər yeni qanlı terror aktları həyata keçirməyə başlayıblar. Bu ənənəvi çirkin siyasətin davamı olaraq, vaxtilə süfrəmizin artığı ilə böyümüş, ata-baba torpaqlarımızda himayədarlarının köməyi ilə özlərinə dövlət yaratmış mənfur qonşularımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində soyqırımı törədib, bununla da vəhşi, xəyanətkar, zülmkar və üzdəniraq millət olduqlarını dünyaya bir daha nümayiş etdiriblər.
Bəxtiyar Əsgərov təəssüf hissi ilə statistik məlumatları xatırlayaraq qeyd edib: “Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr belə qəddarlıqla qətlə yetirilib, süngüdən keçiriliblər. Təkcə son Dağlıq Qarabağ hadisələri zamanı ermənilər tərəfindən, ümumilikdə, otuz minədək insan öldürülüb, yüz minlərlə soydaşlarımız qaçqın və məcburi köçkünə çevrilib. Erməni hərbi birləşmələri qadınlara, uşaqlara, qocalara aman vermədən minlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirib, onları hərb tarixində bənzəri olmayan işgəncə verməklə öldürüb, ən müxtəlif formalarda təhqirlərə məruz qoyub. Amansızlığına, vəhşiliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, ümumən bəşəriyyətin, insanlığın tarixində qara ləkə kimi həmişə xatırlanacaqdır”.
Daimi nümayəndəliyin rəhbəri bildirib ki, hər il Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dinc, sülhsevər insanların qətli, onların təhqir olunması, öz torpaqlarında yaşamaq kimi köklü haqlarının tanınmaması və beynəlxalq təməl prinsiplərinin pozulması kimi amillər dünya dövlətlərini, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti bu acı həqiqəti bilməyə, insanlığa qarşı törədilən bu cinayətə öz hüquqi qiymətini verməyə, təcavüzkarı cəzalandırmağa səsləməli, gələcək dünya düzəni üçün həyəcan təbili çalmalıdır.
Bəxtiyar Əsgərov vurğulayıb ki, Azərbaycanın o zamankı hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Əksinə, nəinki beynəlxalq ictimaiyyətin, hətta xalqımızın baş vermiş dəhşətli hadisədən xəbər tutmaması üçün mümkün tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilib, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı Soyqırımı Günü kimi qəbul edib. O dövrdən başlayaraq, müstəqil Azərbaycan dövləti və yenicə təşkilatlanmaqda olan dünya azərbaycanlıları erməni millətçilərinin, dünya erməniliyinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərməyə başlayıblar. Bunun nəticəsidir ki, hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız və dost, qardaş xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.
Daimi nümayəndəliyin rəhbəri faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsi ilə əlaqədar müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının önəmini xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşlərinin əhəmiyyətini vurğulayıb.
Bəxtiyar Əsgərov onu da qeyd edib ki, fevralın 26-sı Azərbaycan xalqı üçün təkcə faciə günü deyil. Bu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, haqq-ədalətin bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk. Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyən qüdrətli Ordumuz heç şübhəsiz ki, şəhidlərimizin qanını, qisasını alacaq, üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqdır. Prezident İlham Əliyevin dediyi kimi: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyümüz uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Bəxtiyar Əsgərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən fəaliyyət proqramları, bütün sahələrdə əldə olunan yüksək nəticələr, Vətənimiz uğrunda canından keçmiş, müqəddəs amal uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin daim uca tutulması, əbədiləşdirilməsi işlərini də əhatə edib, bu sahədə ürəkaçan nəticələrə nail olunub. Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir, muxtar respublikanın hər guşəsində izdihamlı tədbirlər keçirilir, dram teatrlarında faciəni canlandıran bədii kompozisiyalar nümayiş etdirilir. Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində Xocalı soyqırımı ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bir sözlə, Naxçıvan Xocalını heç vaxt unutmur!
Tədbir digər çıxışlar və soyqırımı ilə bağlı bədii kompozisiya ilə davam etdirilib.