Naxçıvanda rəqəmsal radio yayımına keçirilməsi məsələsi müzakirə olunub - FOTOLAR
Audiovizual Şuranın nümayəndə heyəti Naxçıvandakı televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq-ölçmə işləri aparıb, bir sıra görüşlər keçirib.
Bu barədə NUHÇIXAN-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Audiovizual Şuranın nümayəndələrinin Naxçıvana səfəri çərçivəsində "Naxçıvan TV" və "Naxçıvan Radiosu" proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilib.
Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilib. Baxış müddətində ərazidə TV və radio yayım keyfiyyəti öyrənilib eləcə də “DAB+” standartlı rəqəmsal radio yayımına keçilməsi imkanları nəzərdən keçirilib.
Eyni zamanda radio-televiziya yayım stansiyalarında istismar olunan televiziya və radio vericiləri, onların sayı, tipi və əsas parametrləri (nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayım radiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcinin olub-olmaması) haqqında məlumatlar toplanılıb, müvafiq ölçmə işləri aparılıb.