Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir
Azərbaycan həm MDB, həm də türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ölkələr sırasında ikinci yerdədir.
NUHÇIXAN xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi istiqamətində qabaqcıl və ardıcıl işlər görülməkdədir: “Artıq cəmiyyətdə yol mədəniyyətinin formalaşdığını rahatlıqla deyə bilərik".
Şöbə rəisi bu istiqamətdə DYP ilə medianın işinə toxunub:
“Media bu istiqamətdə bizə çox böyük dəstək nümayiş etdirir. Ən adi nümunə çəkim, on il qabaq cəmiyytətdə avtoxuliqanləq qəhrəmanlıq kimi görünürdüsə, medianın gücü ilə artıq bunun tam əksidir”.