Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlara dair təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a veriləm məlumata görə,  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın şərhi ilə bağlı təlim təşkil olunub. 

Təlimdə muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Təlimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycanda hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bildirib ki, ölkəmizdə çoxşaxəli inkişaf prinsiplərinə əsaslanan dövlət uşaq siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində uşaqların hüquqlarının qorunması ilə bağlı həm normativ hüquqi baza, həm də institusional çərçivələr formalaşdırılmışdır. Eltun Həziyev vurğulayıb ki, Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasının tərəfdaşı kimi beynəlxalq öhdəliklərini yerinə yetirməklə yanaşı, milli qanunvericilikdə də bu prinsipləri əks etdirən hüquqi aktlar tətbiq edir. O bildirib ki, uşaqların hüquqlarının qorunması təkcə ailələrin deyil, eyni zamanda dövlətin və cəmiyyətin ümumi məsuliyyətidir. Bu baxımdan monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, sübutlara əsaslanan yanaşmanın tətbiqi və qurumlararası əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə 2025-ci il 1 aprel tarixli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar” sənədi bu istiqamətdə atılmış vacib addımlardandır. Təlimin əsas məqsədi isə həmin meyarların tətbiqində vahid yanaşma formalaşdırmaq və əlaqəli qurumlar arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.

 

Təlimin davamında Komitənin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatların hazırlanması zamanı qarşılaşılan çətinliklər və mövcud praktiki boşluqlar barədə danışıb. O, məlumatların toplanması, uyğun göstəricilərin müəyyənləşdirilməsi və koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb.

Daha sonra şöbənin məsləhətçisi Elsun Cahangirli təqdimatla çıxış edərək yeni monitorinq meyarlarının mahiyyəti, tətbiq sahələri və praktiki üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verib. Təqdimatda risk faktorlarının erkən aşkar edilməsi, preventiv tədbirlərin görülməsi və məlumatların sistemli şəkildə toplanmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçılara metodiki tövsiyələr verilib və mövzuya dair suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: