Sözlər nərdivandır… Bizi ya ucalığa ya da üzüaşağı daşıyar. Bəzən qəlb qırar, gildir-gildir göz yaşı tökdürər, bəzən də qaranlıq bir otağa salıb özümüzə sual verib cavab ala bilməz söz.
İnsan elə düşünür ki, özü-özünə ən yaxşı dostdur. Əslində heç də elə deyil. İnsanın özündən belə gizlətdiyi məhrəmləri var ürəyində. Düşünmək, ağlına və dilinə gətirmək istəmədiyi fikirlər, sözlər var hər kəsin qəlbində. Hər kəsin içində cəmiyyətə “yox” dediyi halda özünüzə təkrar-təkrar “hə” dediyi sözlər var. Düşünün ki sonuncu qatar qarşınızda və bütün sevdikləriniz o qatarda amma içinizdəki adam sizi o qatara minməyə qoymur və sonuncu fit verilib qatar yola düşdükdən sonra sizdən min dəfə üzr istiyir, o qatara minmədiyiniz üçün.
Hər söz içində ya nur daşıyır, ya da zülmət. Yuxarı qalxdıqca içimizdəki işıq ruhumuzla birləşərək bizi ilahi bir sükuta qərq edir. Aşağı endikcə isə, hərf-hərf söndürərək qaranlıqlar içində itirib-batırar.
İnsan yaşadıqca, ruhuna toxunan münasibətlər qurmağa çalışır. Bəziləri ötəri yel kimi keçib gedir, bəziləri isə səssizcə içimizdə bir çıraq yandırıb yolumuza işıq salır. O çıraq ki, mayası bir ömrə bərabər hislərdən, baxışlardan və sözlərdən yoğrulub. O çırağın yandığı otaqda hər gün zaman dayanır, həyat nəfəs alır.
Əslində çıraq da pərvanəni yandıran şam kimidir - gözəlliyi qədər yandırıcı, istiliyi qədər ağrılı olur. Çünki yaxınlaşdıqca daha çox hiss edir, hiss etdikcə daha çox yanırıq. Və hər dəfə o nərdivanın pillələrində qalxanda, qəlbimizdəki çıraq bir az daha parlayır - qürurla, sevgiylə, inamla. Amma düşəndə… elə bil sönür hər şey - nə söz qalır, nə səs, nə də baxışların istiliyi.
İnsanlar səni anlamadıqca sən daha çox var olursan. Başqaları üçün yox, öz doğruların, öz düçüncələrin, öz varlığın üçün. Və sən başa düşülməməyə, susmağa davam etdikcə əslində hər şeyi deyirsən. Amma və lakin sən artıq gözləmirsən. Sən sadəcə yoluna davam edirsən. Sonuncu avtobusun gəlməyəcəyini bilə-bilə dayanacaqda ümidlə gözləyən son sərnişin kimi. Hər kəs səni son avtobusa çata bilmədiyini düşündüyü halda sən artıq xəyalən o avtobusda çoxdan yol almısan.
Biz işığa meyilli olsaq da ən dərin hisslərimizi qaranlıqda tapırıq. Zülmətdə çıraq yandıran hər qəlbə eşq olsun.
Fariz Əhmədov
Naxçıvan televziyasının baş redaktoru