Xocalı faciəsində xalqımızın göstərdiyi mübarizlik bugünkü gənclik üçün vətənpərvərlik nümunəsidir

A- A A+

Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi, Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. Hələ ötən əsrin əvvəllərində Mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bu gün üzərindən 27 il keçən 1992-ci ilin 26 fevral tarixində erməni hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi. Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil.

26 fevral faciəsi nə qədər acı olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə təkan verdi.

İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır.

Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoyurdu. Müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ölkəmizin tarixi haqqında sistemli, hər kəsin başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Aparılan maarifləndirici söhbətlər, keçirilən tədbirlər zamanı verilən məlumatlardan yeniyetmə və gənclər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələri haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən bu məqsədlə, ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr müxtəlif tədbirlər çərçivəsində yeniyetmə və gənclərə çatdırılıb, onlarla bu barədə maarifləndirici söhbətlər aparılıb. Geridə qoyduğumuz  2018-ci ildə də qurum tərəfindən “26 fevral- Xocalı Soyqırımı”nın 26-cı ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib, filmlər nümayiş etdirilib.

Qeyd edək ki, Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu nəticəsində, o cümlədən muxtar respublikamızda Sədərək döyüşlərində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Bu gün xalqımızın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Tarixin bu həlledici dönəmində ölkəmizin milli maraqlarının müdafiəsinə ehtiyac var. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Son illərdə ölkə və muxtar respublika səviyyəsində gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla icrası cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir.

Bu gün Xocalı da daxil olmaqla, işğal olunmuş torpaqlarımıza qayıdacağımız, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil. Hər keçən gün mövcudluğunu şübhə altına salan Ermənistandan fərqli olaraq, ötən illər ərzində respublikamız çox şaxəli inkişaf yolu keçmiş, ordumuzun döyüş qabiliyyəti artırılmışdır. Artıq, Azərbaycan Respublikası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya ictimaiyyəti arasında ciddi siyasi nüfuza malik dövlətdir. Eyni zamanda xalqımız da Ali Baş Komandan tərəfindən veriləcək döyüş əmrinin icrasına ən yüksək səviyyədə hazırdır. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayının 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağının azad olunması, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan ordusunun nəzarəti altına keçməsi, ümumilikdə bu əməliyyat zamanı 11000 hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, 90-cı illərdən fərqli olaraq bu gün həm iqtisadi, həm hərbi, həm də  psixoloji üstünlük bizim tərəfimizdədir və ən qısa müddətdə hər iki ölkə və dünya ictimaiyyəti, tarixi qələbəmizə şahidlik edəcəkdir.

Qeyd edək ki, ölkəmizdə öz vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişib. Onlar vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər.

 

Məcid Seyidov

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin

Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: