Xocalı soyqırımı-qanlı tariximizdir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlikdə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası fövqəladə halar nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımı haqqında məlumat verib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.
Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.
Tədbirdə digər əməkdaşlar da mövzu ilə bağlı çıxış ediblər. Sonda iştirakçılar Xocalıdakı soyqırımı əks etdirən videomateriala baxıblar.