Mayın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Şuradan NUHÇIXAN-a bildirilib ki, iclasın əvvəlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
İclasda çıxış edən Şura sədri və üzvləri dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, onun Azərbaycan xalqı qarşısında, müasir Azərbaycanın güclü və demokratik dövlət kimi bərqərar olmasında, media üzərində senzuranın ləğv olunmasında, Azərbaycan mətbuatının, o cümlədən televiziya və radiosunun inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Ulu Öndərin həyatı, fəaliyyəti, xalq və dövlət qarşısındakı tarixi xidmətlərinin Azərbaycan mediasında, o cümlədən televiziya və radio yayımında geniş işıqlandırılması təqdirəlayiq hal kimi qiymətləndirilib, tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsində belə materialların çoxluğunun əhəmiyyəti vurğulanıb.
Sonra gündəlikdə olan iki məsələyə baxılıb. “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından “İctimai Radio”nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.
Daha sonra “Səhiyyə TV” televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı “Səhiyyə TV” MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının “Saf TV”yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.