Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə çap olunan Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbiri giriş sözü ilə açan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, bu günə qədər altı albom işıq üzü görüb və hər biri həm mövzu baxımından, həm də dizayn, təqdimat baxımından mühüm tarixi və mədəni əhəmiyyət daşıyır.

“Bugünkü tədbirdə görkəmli memar Əcəmi Naxçıvaniyə poçt kartından və 3 markadan ibarət suvenir bukleti təqdim olunub. Bu gün nominal dəyərləri 1 manat və iki 0,50 qəpiklik olan markalar dövriyyəyə buraxılıb. Markalar təbaşirli, yapışqanlı kağız üzərində, ofset çap üsulu ilə hazırlanıb. Blokun ölçüsü 182x117 mm, markaların ölçüsü isə 50x40 mm-dir. Rəssam Orxan Qarayevin müəllifi olduğu markalar Belçikanın Mechelen şəhərində yerləşən “Bpost Stamps Production” tərəfindən çap edilib. Tiraj 4150 blok, “Birinci gün zərfi” isə cəmi 200 nüsxədir”, - deyə Elbay Qasımzadə qeyd edib.

Mərasimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müşaviri Kamil Məmmədov, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibinə daxil olan “Azərpoçt” MMC-nin nümayəndələri və Azərbaycanın tanınmış memarları, ictimai xadimləri iştirak ediblər.

Çıxış edənlər Əcəmi Naxçıvaninin Şərq memarlığının inkişafındakı rolunu, onun yaratdığı Naxçıvan memarlıq məktəbinin Azərbaycan və dünya mədəni irsində tutduğu mühüm yeri vurğulayıblar. Bildirilib ki, yubiley münasibətilə buraxılmış bu poçt markaları təkcə filateliya baxımından deyil, həm də mədəni-tarixi əhəmiyyət baxımından dəyərli bir layihədir.

Tədbir çərçivəsində markaların nümayişi, “Birinci gün zərfi”nin təqdimatı və xatirə şəkillərinin çəkilməsi baş tutub.

Azərbaycan memarlığına, korifey memarlarımızın yaradıcılığına həsr olunmuş poçt markalarının nəşrinə 2014-cü ildən etibarən başlanılıb. İlk nəşr “Qarabağ poçt markalarında” adlı albomla başlayıb. Daha sonra 2016-cı ildə Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları nəşr olunub. XIX əsrin sonları, XX əsrin əvvəlləri və ortalarında fəaliyyət göstərmiş Azərbaycanın memarlıq sahəsində önəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş 3-cü albom 2017-ci ildə nəşr edilib. 2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş 4-cü albom təqdim edilib. Daha sonra 2019-cu ildə “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda keçirilmiş Beynəlxalq Memarlıq Forumuna həsr olunan xüsusi marka buraxılıb. 2021-ci ildə isə Azərbaycan Memarlar İttifaqının yaranmasının 85 illik yubileyinə həsr olunmuş marka ilə bu silsilənin altıncı nəşri ictimaiyyətə təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: