FHN Heydər Əliyev adına tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan təlim keçirib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə “Məktəblərdə fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması və fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti “zəlzələ” və “yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, toplanış yerində yoxlanılıb və şagirdlərə ilk tibbi və psixoloji yardım göstərilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər” xilas olunaraq onlara ilkin yardım göstərilib.