May ayının doqquzu… Səssizcə əyilən başlar, məzarlar üstə ehtiramla qoyulan qərənfillər, qəlblərdə min bir xatirə ilə çırpınan minnətdarlıq. Bu gün təkcə qələbənin yox, həm də fədakrlığın, birliyin, dayanıqlığın və qorxmazlığın günüdür. Həmin gün ki, dünyanın taleyi həll olunurdu. Həmin gün Azərbaycan da öz igid oğullarını, öz neftini və alimlərini qurban verdi.
Artıq o gündən 80 il ötür. Dünyaya qaranlıq kimi yayılan faşizm, antidemokratiyanı ilahiləşdirən, irqçiliyi bayraq edən, milyonlarla insanı ölümün cənginə atdı, şəhərləri viran, taleləri puç etdi. Lakin bəşəriyyət bu zülmə boyun əymədi, dirəniş göstərdi. İlk dirəniş göstərən xalqlardan biri də Azərbaycan xalqı oldu.
1941-ci ildən 1945-ci ilə qədər Azərbaycan nəinki ön cəbhədə, həm də arxa cəbhədə qəhrəmanlıq salnaməsi yazdı. Cəbhəyə yollanan 600 mindən çox vətəndaşımız torpaq, azadlıq uğrunda vuruşdu. Qafqazdan Berlinə qədər uzanan o çətin döyüş yolunda Azərbaycan ərlərinin ayaq izləri tarixə yazıldı.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzininin alınmasının yeni texnologiyası hazırlandı. Qələbənin təkcə səngərlərdə deyil, məhz Bakının zəhmət dolu emalatxanalarında da qazanıldığı 80 il sonra daha aydın görünür.
Bəzən bir millətin taleyi təkcə meydanlarda yox, laboratoriyalarda, zavodlarda, neft buruqlarının səsində, anaların dualarında, uşaqların baxışlarında həll olunur. İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqı yalnız cəbhəyə deyil, həm də tarixə doğru yeriyirdi. Bu yeriyişin hər addımında bir qurban, bir göz yaşı, bir fədakarlıq vardı.
İkinci Dünya Müharibəsi insanlıq tarixinin ən ağır sınağı kimi tarixə düşdü. Bu qanlı müharibədə Azərbaycan 600 mindən artıq övladını cəbhəyə yola saldı. Lakin yola salınan Vətən övladlarının yüz minlərləsi geri dönmədi. Hərəsi bir yerdə, yad eldə yad torpağa dəfn olunsa da əbədilik Azərbaycan xalqının yaddaşına yaşayır. 130 dan çox Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 170 mindən çox əsgərimiz orden və medallarla təltif olundu.
O illərdə Bakı yalnız bir şəhər deyil, bütöv bir müharibənin ürəyi idi. Bəlkə də o ürək dayansaydı, müharibənin axarı başqa cür olardı. Çünki faşizm üzərində qələbənin görünməyən arxa cəbhəsi məhz Bakıda döyünürdü. Azərbaycan nefti olmadan heç bir tank irəliləyə, heç bir təyyarə havaya qalxa bilməzdi. O neft ki, qaranlığa işıq, ümidsizliyə dayaq, cəbhəyə nəfəs verirdi. Neftçilər gecə-gündüz qazma qurğularının başında dayanır, hər bir damla ilə bir əsgərin həyatını uzadırdı.
Müharibə illərində cəbhəyə göndərilən neftin 70, benzinin 80, motor yağlarının isə 90 faizi məhz Azərbaycan təşkil edirdi. Bu rəqəmlərə ciddi fikir versək görərik ki, onlardan neft qoxusu yox, tərlə yoğrulmuş bir millətin qoxusu gəlir.
600 mindən çox azərbaycanlının bu müharibədə iştirakı hər bir ailənin qapısının döyülməsi, hər bir ocağın bir üzvünü itirməsi demək idi. Dağ kəndlərindən tutmuş Bakı küçələrinə qədər, bütün yurd bir əsgər köynəyi kimi daraldı bu müharibənin içində. Və hər ocaqda eyni dua, eyni səbr, eyni göz yaşı: “Salamat qayıtsın…” Fəqət çoxu qayıtmadı. Bəzisi Berlin divarları altında can verdi, bəzisi Volqa sahillərində torpağa qarışdı. Onların məzarları bizə uzaq ola bilər, amma adları Azərbaycanın xalqının inam yeri, qürur yeri oldu.
Azərbaycan müharibənin təkcə fiziki deyil, mənəvi yükünü də öz çiyinlərində daşıyırdı. 1 milyondan çox yaralı sovet əsgəri Bakıda müalicə olunaraq sağlamlığına qovuşdu. Həkimlər, tibb bacıları, hospitallarda çalışan könüllülər bu insanların yalnız yaralarını sarmır, həm də onların içindəki ümidi sağaldırdı. Bakı, o illərdə bir şəhərdən daha çox bir ana kimi hər kəsi bağrına basdı, sağaltdı, ayağa qaldırdı.
Bu mübarizədə yalnız əllər yox, beyinlər də çalışdı, vuruşdu. Azərbaycanlı akademik Yusif Məmmədəliyev tərəfindən hazırlanan yandırıcı maye sonradan “Molotov kokteyli” adı ilə tanındı. Bakının zavodlarında “Katyuşa” raketlərinin istehsal edilməsi isə göstərdi ki, Azərbaycanın sənayesi təkcə iqtisadi deyil, strateji dəyərə də malikdir.
Bəli, biz sadəcə bir respublika deyildik, həm də qələbənin vacib açarlarından biri idik. Bu qələbəyə gedən yolda hər kəs döyüşdü. Əsgər səngərdə, alim laboratoriyada, neftçi buruğun başında, qadın isə evində həm ana, həm ata kimi. Bu illərdə fədakar qadınlar torpaq becərdi, ailə saxladı və min bir ümidlə qələbəni gözlədi.
Lakin bu qələbəyə kölgə salmaq istəyənlər də oldu. Ermənistanın paytaxtı Yerevanda faşist cəlladı Qaregin Njdeyə ucaldılmış abidə, təkcə tarixə deyil, milyonlarla qurbanın ruhuna da təhqirdir. Belə saxtalaşdırmalara qarşı Azərbaycanın cavabı yalnız etiraz yox, həm də ədalətli zəfərlə oldu. Azərbaycan həm İkinci Dünya Müharibəsində, həm də 2020-ci ildə Vətən Müharibəsində öz tarixi haqqını geri aldı. Birində dünya azadlığı uğrunda, digərində isə öz torpağı uğrunda döyüşdü. Hər iki qələbənin mayasında eyni xalqın iradəsi, eyni ruhun yenilməzliyi vardı.
Bugün müharibə veteranlarına göstərilən diqqət və qayğı, onların xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsi bizim bu tarixi unutmadığımızın sübutudur. Hər il 9 Mayda, biz təkcə bir döyüşü deyil, bir millətin izzətini, qürurunu, yad edirik.
Bu gün səksən illik bir qələbənin yaddaşıyla başımız dik, anlımız açıqdır. Bu Qələbə təkcə keçmişin deyil, həm də gələcəyin yolunu işıqlandırır. Çünki qəhrəmanlıq bir millətin əbədi yaddaşı, azadlığın bünövrəsidir.
Azərbaycan yalnız döyüş meydanında yox, mənəvi cəbhədə də qalib oldu. Bu xalq nəinki öz oğullarını, həm də bəşəriyyətin vicdanını qorudu.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru