Uşaq bağçasında “Xocalı soyqırımı”na həsr olunan tədbir keçirilib - FOTOLAR
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Bağçalar arasında dostluq və əməkdaşlıq körpüsü” layihəsi hazırlanıb və uğurla icra olunur. Naxçıvan şəhərindəki uşaq bağçaları arasında dostluq əlaqələrinin genişləndirilməsinə xidmət edən layihəyə əsasən bağçalarda mütəmadi olaraq açıq dərslər və əlamətdar günlərlə bağlı tədbirlər keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu layihəyə əsasən Naxçıvan şəhərində fəaliyyət göstərən bağçaların rəhbərlərinin və tərbiyəçilərin iştirakı ilə Naxçıvan şəhərindəki 12 nömrəli uşaq bağçasında açıq dərslər keçirilib.
Əvvəlcə “İlkin riyazi biliklərin inkişafı” məşğələsi üzrə “10 dairəsində toplama-çıxma, müstəvi və fəza fiqurları” mövzusunda dərs olub. İkinci açıq dərs isə böyüklər qrupunda “Bədii ədəbiyyat və nitqin inkişafı” məşğələsi üzrə “Biz Vətəni sevirik” mövzusunda təşkil edilib.
Sonra uşaq bağçasında “Xocalı soyqırımı”na həsr olunan tədbir keçirilib. Bağçanın tədbirlər zalında faciə ilə bağlı səhnə qurulub, müxtəlif stendlər tərtib edilib, qərənfillər düzülüb. Uşaqlar Xocalı faciəsi haqqında şeir və mahnılar söyləyib, müxtəlif səhnəciklər göstəriblər.
Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək uşaqların milli ruhda tərbiyə olunması, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində bağçalarda görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.