Naxçıvanda ikinci Kitab festivalı keçirilir - FOTOLAR
Naxçıvan şəhərindəki “Saat Meydanı” Turizm İstirahət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmiş ikinci Kitab festivalı keçirilir.
NUHÇIXAN xəbər verir ki, mayın 9-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, eləcə də digər rəsmi şəxslər festivalda iştirak edib, ayrı-ayrı nəşriyyatların stendləri ilə tanış olublar.
Bildirilib ki, festivala ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab və digər nümunələr çıxarılıb. Alim və pedaqoqlarımız tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, yüzlərlə adda klassik və müasir dünya ədəbiyyatından orijinal dildə və tərcümə olunmuş əsərlər, yerli bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları, uşaqlar üçün əyləncəli öyrənmə vəsaitləri böyükdən-kiçiyə hər kəsin marağını cəlb edir. Ziyarətçilər burada ölkənin ən fəal nəşriyyatlarının təqdim etdiyi minlərlə endirimli kitablardan faydalana, yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.
Layihəyə qatılan ölkənin 10-a yaxın tanınmış qələm sahibi festival iştirakçıları ilə səmimi söhbət edib, yeni nəşr olunan kitabları barədə məlumat verib, oxucularına imzalı kitablar təqdim ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəşriyyatları Asossiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən kitab festivalı 3 gün davam edəcək. Festival çərçivəsində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, maraqlı fləşmob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.
Seminar və panel müzakirələrdə, imza saatlarında və kitab təqdimatlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin üzvü Gülxarə Tarverdiyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birliyin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, yazıçılar Rövşən Abdullaoğlu, İradə Qədirova, Elxan Elatlı və digərləri iştirak edəcək.