ABŞ-ın “News Blaze” nəşri Xocalı faciəsi və erməni tərəfinin cəzasız qalması barədə məqalə dərc edib
ABŞ-ın “News Blaze” nəşrinin dərc etdiyi amerikalı jurnalist və publisist Nurit Qringerin “Azərbaycanda da deyirlər: “Bir daha heç vaxt!”” sərlövhəli məqaləsində Xocalı faciəsindən, bu kütləvi qırğının günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir.
NUHÇIXAN xəbər verir ki, müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə soxulmasından, erməni əsgərlərinin qarşılarına çıxan günahsız insanların hamısını, o cümlədən qadınları, uşaqları, qocaları güllələmələrindən, 613 dinc sakini vəhşicəsinə qətlə yetirmələrindən yazır. Həmin gecə minə yaxın azərbaycanlı erməni təcavüzkarları tərəfindən əsir və girov götürülüb.
Azərbaycan tərəfinin, “Memorial” hüquq müdafiəsi mərkəzinin, “Human Rights Watch” təşkilatının, digər beynəlxalq qurumların və müşahidəçilərin məlumatına görə, soyqırımı aktı MDB-nin 366-cı alayının hərbçilərinin iştirakı ilə etnik erməni silahlı dəstələri tərəfindən törədilib. Qringer qeyd edir ki, lakin erməni tərəfinin təcavüzü Xocalı qətliamı ilə bitməyib. 1993-cü ildən 1994-cü ilədək erməni qoşunları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik olan rayonları işğal edib, bununla da suveren Azərbaycanın ərazilərinin 20 faizini ələ keçiriblər. Münaqişə nəticəsində 800 min azərbaycanlı məhz öz ölkəsində məcburi köçkünə çevrilib.
BMT-nin Təhlükəsizlik Şurası bu işğalı və etnik təmizləməni pisləyərək 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni qoşunlarının işğal etdikləri Azərbaycan rayonlarından çıxarılması tələb edilir. Lakin Ermənistan bu günədək bu qətnamələrə məhəl qoymamağı davam etdirir və BMT Ermənistanı bu qətnamələrin şərtlərini yerinə yetirməyə məcbur etmək üçün heç bir fəaliyyət göstərmir. Müəllif qeyd edir ki, Xocalı soyqırımı haqqında həqiqətin yayılması məqsədilə 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başladı.
Məqalədə, həmçinin ötən həftə Los-Ancelesdəki İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbirdən danışılır. Vurğulanır ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin çıxış etdiyi tədbirdə bir sıra ölkələrin baş konsulları, dini liderləri və icma rəhbərləri iştirak ediblər.