Oxucunu axtaran nəşriyyat “Qədim Qala” və Rövşən Abdullaoğlunun uğuru - FOTOLAR
Müsahibə: Qədim Qala Nəşriyyatının direktoru Şöhrət İxtiyaroğlu ilə
Qədim Qala Nəşriyyatı 2011-ci ildən etibarən fəaliyyət göstərir. Bu illər ərzində nəşriyyat daha çox özünüinkişaf, psixoloji və elmi-kütləvi janrlarda yüzlərlə kitab nəşr etdirib. Son illərdə isə fəaliyyət sahəsini genişləndirərək “Dostum” adlı uşaq nəşriyyatını da təsis edib. Bu yeni platforma əsasən uşaq və yeniyetmə auditoriyası üçün nəzərdə tutulub.
Nəşriyyatın fəaliyyətində əsas meyar insanlara faydalı ola biləcək kitabları oxucuya çatdırmaqdır. Bu istiqamətdə uğurla çalışan yazarlardan biri də Rövşən Abdullaoğludur. Onun “Bu şəhərdə kimsə yoxdur” adlı kitabı artıq 32 dəfə yenidən nəşr olunub və 9 fərqli dilə tərcümə edilib. Eyni zamanda, müəllifin “Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə ABŞ-da keçirilən beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb. Hazırda Qədim Qala Nəşriyyatı bu kimi əsərlərin müəllif hüquqlarını digər ölkələrə sataraq, beynəlxalq müstəvidə də tanıdılmasına nail olur.
Nəşriyyatın beynəlxalq əlaqələr departamenti də mövcuddur. Bu departament Azərbaycan müəlliflərinin, əsasən də Rövşən Abdullaoğlunun əsərlərini xarici nəşriyyat və agentliklərə təqdim etməklə məşğuldur. Eyni zamanda dünyada kitab sənayesində baş verən yeniliklərə bələd olan nəşriyyat, uyğun hesab etdiyi beynəlxalq bestsellerləri Azərbaycan dilinə tərcümə edərək oxucularına təqdim edir.
Qeyd edək ki, Rövşən Abdullaoğlu hər hansı kitabın üzərində işləməyə başlamazdan əvvəl həmin ölkəyə səfər edir, yerli mədəniyyətlə tanış olur və bu əsasda kitabını qələmə alır. Belə yanaşma əsərlərə orijinallıq və dərinlik qatır.
Qədim Qala Nəşriyyatı sosial şəbəkələrdə də aktiv fəaliyyəti ilə seçilir və ictimai faydalı təşəbbüslərdə daima iştirak edir. Nəşriyyat kitab sərgilərində tam heyətlə təmsil olunur, oxucular üçün 30-50 faiz arası endirimlər və kupon lotereyaları təşkil edir. Hər alınan kitab üçün təqdim edilən kupon vasitəsilə günün sonunda qalib seçilən şəxs hədiyyə kitab qazana bilir.
Nəşriyyat “BOOKFEST” tədbirinin təşkilatçılarından olan ANAİB-in üzvüdür. Sevindirici haldır ki, nəşriyyatın rəhhbərliyi Assosiasiyanın İdarə Heyətində təmsil olunur. Bu illər ərzində nəşriyyat yüzlərlə insana ilk kitab təcrübəsini yaşadıb və yeni oxucular qazandırıb.
Nəşriyyatın adından irəli gələn sloqanı da bu missiyanı əks etdirir: “Gərək qədim iz qala” Yəni elm, ədəbiyyat və ənənələr düzgün şəkildə gələcək nəsillərə ötürülməlidir və bu iz möhkəm şəkildə qalmalıdır.
Qədim Qala Nəşriyyatı artıq ikinci dəfədir ki, Naxçıvanda keçirilən sərgidə iştirak edir. Bu dəfə müəllif Rövşən Abdullaoğlu ilə birgə səfər edən kollektiv böyük sevgi və maraqla qarşılanıb. Naxçıvanlı oxucuların iştirakı ilə baş tutan imza saatında böyük izdiham yaşanıb. Marağa görə əlavə imza mərasimi də təşkil olunub.
Nəşriyyat heyəti olaraq Naxçıvan Dövlət Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış tamaşanı izlədik və bu səfər bizdə böyük təəssürat yaratdı. Naxçıvan əhalisinin kitab və mütaliəyə olan marağını hiss etmək, daha yaxından görmək qürurvericidir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “BookFest” Naxçıvan Kitab Sərgisi 2025”i təşkil edən qurumlara və xüsusilə hər günü peşəkar şəkildə bu tədbiri ictimaiyyətə çatdıran, işıqlandıran media nümayəndələrinə, əsasən də Naxçıvan televiziyasına dərin minnətdarlığımızı bildiririk.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru