1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində dünyaya göz açan Mehrab Söhrab oğlu Niftəliyev uşaqlıq yaşıdlarından seçilən, çox mehriban, səmimi, qayğıkeş bir gənc olub. Kənddə orta məktəbi başa vurub, vətəni qorumaq üçün ordu sıralarına çağrılan Mehrab hər zaman vətən keşiyində olmaq üçün özünə ən çətin və şərəfli sənəti seçib. Hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçən qəhrəman 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənin keşiyində durub. O, “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimlərdə iştirak edərək kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşıb. Bir çox hərbi əməliyyatlarda iştirak edən Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də qəhrəmancasına vuruşub. O, qüsursuz xidmətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub.
Vətəninin sadəcə keşiyində durmaqla kifayətlənməyən qəhrəman onun hər bir problemi ilə də yaxından maraqlanıb. Uzun müddət Qamqam kənd camaatının içməli su problemindən xəbərdar olan Mehrab Aprel döyüşlərindən sağ-salamat qayıtdıqdan sonra doğma yurduna su çəkdirib. Növbəti istəyi isə Vətən müharibəsindən sağ qayıtdıqdan sonra məscid tikdirmək idi...
Vətən müharibəsinin başladığı ilk gündən ön cəbhədə qızğın döyüşlərdə iştirak edən Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şuşa uğrunda igidcəsinə şücaət göstərib, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb. Həmişə üstündə bayraq gəzdirən kəşfiyyatçımız Cəbrayılda bayrağı ilə düşmən hərbi hissələrinə ilk girənlərdən biri olub. Son döyüşü Şuşada olan qəhrəman aldığı artilleriya qəlpəsi yarasından noyabırın 8-i şəhadətə yüksəlib. Şəhidimiz 3 gün sonra Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın bütövlüyü uğrunda rəşadət göstərib, vətənə xidmət borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Mehrab Niftəliyev ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı və “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları təltif olunub.
Qəhrəmanın adı əbədiləşdirlərək Sumqayıt və Quba şəhərində yerləşən küçələrdən birinə, Quba şəhəri Texniki təmayüllü liseyə verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru