Görünən kəndə nə bələdçi... - FOTOLAR

Deputat həmyerlim Qüdrət Həsənquliyevə məktub

A- A A+

Mən siyasətçi deyiləm. Amma cəmiyyətdə baş verən hadisələrə hər kəs kimi mənim də bir vətəndaş olaraq münasibət bildirmək haqqım var. Həm də ziyalı vətəndaş kimi. Ha dişimi sıxdım ki, bu barədə yazı yazmayım. Amma... Buradaca bir məsələni danışmaq istəyirəm.

Naxçıvanda bir neçə ildir belə bir ənənə var ki, elm adamları doğulduğu, böyüdüyü kəndlərdə ayda bir dəfə məktəblilər qarşısında nümunəvi dərs keçirlər. Bu gün də mənim öz doğma kəndimizdə nümunəvi dərsim idi. Səhər tezdən 1-ci saat Yurdçu kənd tam orta məktəbinin V sinif şagirdlərinə növbəti dərsi keçdim. Dərsi keçərkən xəyalən o kənddə oxuduğum illəri, daha sonra 2003-cü ildə ilk əmək fəaliyyəti kimi başladığım müəllimlik illərimi xatırladım. Sinfə baxdım, sinifdəki əşyalara baxdım, uşaqlara baxdım, özümə baxdım. Dərsimi bitirdikdən sonra uşaqlarla bir xatirə “selfi”si də çəkdirdim. Bilirsiniz niyə çəkdirdim: 16 il əvvəl sinif rəhbəri olduğum V sinif şagirdləri ilə bu məktəbin yerindəki köhnə binada da xatirə şəkli çəkdirmişdim. Onu gözlərimin önünə gətirdim. Heç bir müqayisə aparmayacam. Şəkillərə özünüz baxıb nəticə çıxararsınız.

Hə, qayıdaq mətləbə... Ha dişimi sıxdım ki, bu barədə yazı yazmayım. Yooox, sizdən və sizin mövqedə olan adamlardan “çəkindiyim”, “qorxduğum”, “polemikaya girməmək” üçün yox. O mənada yazı yazmaq istəmirdim ki, sizin əsassız və boş fikirlərinizə məndən daha peşəkar səviyyədə  əsaslı və dolğun münasibətlər verilmişdi. Hətta siz həmin tutarlı faktların qarşılığında belə, məhəllə davası edən uşaqlar kimi gözünüzü yumub əlinizə keçən “daşı” kora-şimala tolazlamaqdan geri çəkilmədiniz. Atdığınız o daşlar isə “Naxçıvanda müharibədən çıxmış kəndlər”də tamamilə yenilənmiş təzə məktəblərin, səhiyyə ocaqlarının, ictimai yaşayış binalarının həndəvərinə düşdü. İnanıram ki, təzədən yerli-yersiz atmağa daş axtaranda həmin daşları əyilib “götürdünüz”. Qalxanda isə gözünüzə sataşan (məhz sataşan, çünki siz görünənləri görmək istəməyən insanlardansınız) yeni, müasir binaları görəndə, bu dəfə də onlara daş atmağı düşündünüz. Ki, o təsəvvür etmədiyiniz tikililər təsəvvürünüzdə formalaşdırdığınız (oxu: qoyub getdiyiniz) uçuq-sökük, qırıq-tökük binalara çevrilsinlər.

Yox, yoldaş deputat, yox... Zəmanə o zəmanə deyil. Nə sizi, nə də sizi dəstəkləyənləri asan-kəsən var. Durun deputat mandatınızdan istifadə edib, əyan-əşrəfinizə də bilet alıb gəlin Naxçıvana. Siz də naxçıvanlısız axı. Bilirsiz ki, bizlər qonaqpərvərik. Xəritəni qoyaq qarşınıza, Naxçıvanda istədiyiniz kəndə səfər edək. Sizin təsəvvürünüzdəki “müharibədən çıxmış kəndlər”i bir dəfə də sizinlə gəzək.

Çox uzağa getmirəm, elə gedək bizim kəndə. Kəngərli rayonunun Yurdçu kəndinə. Yol deyirsiz, kənd arası yollara baxaq, məktəb deyirsiz, məktəbi gəzək, ictimai binalar deyirsiz, kənd mərkəzinə üz tutaq, dükan deyirsiz, xidmət mərkəzinə gedək. Xülasə, ürəyiniz haranı görmək istəyirsə, ora da baş çəkək. Sonra da ata evində nahar yeməyi qonaqpərvərliyimizin bir nişanəsi olsun.

Yurdçunu bəyənməsəz, ən böyük kəndlərdən biri olan qonşu kəndə, Qarabağlara gedək, yaxud Azərbaycan tarixində demək olar ki, bütün sahələrdə öz yetirmələriylə məşhur olan Şahtaxtıya yollanaq. Lap elə Kəngərli rayonunun ən ucqar kəndi olan Çalxanqalaya üz tutaq. Əgər Çalxanqaladakı, hansı ki, bir vaxtlar “dünyanın o başı idi”, abadlığı, səliqə-səhmanı bəyənməsəniz, neynək, xəritəni təzədən gətirərik. Şəhadət barmağınızı uzadarsız. O şəhadət barmağınızı ki, uzaqdan durub “silkələmək” üçün istifadə etdiyinizi düşünürsüz. Atalarımızın çox gözəl ifadələri var. Siz də kənd yerində doğulub böyümüsüz, eşitməmiş olmazsınız: Barmağımın beşini də bal eləyib ağzına soxsam, deyəcək ki: Zəhərdir. İndi mənim sizə təklif etdiyim də məhz budur: Naxçıvandakı görülən işlərin “beş barmaqdakı bal”ını dadmaq. Yox siz yenə də gözünüzü yumub, yenə atalar misalına üz tutmalı olacam, kor tutduğunu buraxmaz prinsipiylə hərəkət edəcəksinizsə, o zaman mən susmalı olacam. Karvana qoşulub gedəcəm və öz-özümə beləcə pıçıldayacam: “Görünən kəndə nə bələdçi”. 

Buyurun, gəlin, özünüz gəzin...

 

Elxan YURDOĞLU,

filologiya üzrə fəlsəfə doktoru,

şair-publisist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: