Naxçıvanda “15 may-Beynəlxalq Ailə Günü” ilə əlaqədar konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə “15 may-Beynəlxalq Ailə Günü” ilə əlaqədar “Ailə dövlətin xüsusi himayəsindədir” mövzusunda konfrans keçirilib.
Konfransda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov açılış nitqi ilə çıxış edərək Beynəlxalq Ailə Günü münasibətilə təşkil olunan bu tədbirin cəmiyyətin maarifləndirilməsi və ailə dəyərlərinin qorunub saxlanılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Eyni zamanda, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətinə toxunaraq, ailə dəyərlərinin qorunmasının milli suverenliyin və hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, ailə hər bir cəmiyyətin, hər bir dövlətin əsas sütunlarından biridir. Ailənin sağlam olması bütövlükdə cəmiyyətin sağlam olmasına gətirib çıxarır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində “Ailə dövlətin xüsusi himayəsindədir” ifadəsi qeyd olunmuşdur. Bu, dövlətin ailə institutuna verdiyi böyük əhəmiyyətin göstəricisidir.
Dövlət ailənin qorunması, inkişafı və möhkəmləndirilməsi üçün müxtəlif qanunlar qəbul edir. Həmçinin, dövlət tərəfindən ailə dəyərlərinin təbliği, uşaqların təhsili və tərbiyəsi üçün şəraitin yaradılması da ailəyə olan diqqətin bir hissəsidir. A.Məmmədova vurğulamışdır ki, ailədə sevgi, hörmət, qarşılıqlı anlayış və məsuliyyət kimi mənəvi dəyərlər çox önəmlidir. Bu baxımdan, dövlətlə yanaşı, hər bir vətəndaş ailə institutunun möhkəmlənməsinə töhfə verməlidir. A.Məmmədova əlavə edib ki, Ulu Öndər Heydər Əliyev qazandığı uğurların arxasında hər zaman ailəsinin dəstəyinin dayandığını vurğulayırdı.
Sonra Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, ailə cəmiyyətin əsas təməlidir və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. O, qeyd etmişdir ki, gənclər ailə dəyərlərinə sahib çıxmalı, böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək ənənəsini yaşatmalıdırlar.
Daha sonra Kəngərli rayonu Böyükdüz kəndində yaşayan, evliliklərinin 62 illiyi tamam olan ailənin başçısı Babayev Əşrəf Salman oğlu, Şərur rayonu Çərçiboğan kəndində yaşayan, evliliklərinin 50 illiyi tamam olan ailənin başçısı Quliyev Hafiz Abbasqulu oğlu çıxış edərək bildirmişlər ki, ailə həyatın ən gözəl sərvətidir. Onu sevgi ilə qoruyub, əməklə yaşadıb, sədaqətlə ucaltmaq lazımdır. Qeyd ediblər ki, biz illərlə bunu etdik və bu gün xoşbəxtliyimizi sizinlə bölüşməkdən qürur duyuruq. Daha sonra tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Son olaraq Kollecin müəllimi Hafiz Yaqubov çıxış edərək tələbələrlə öz tövsiyələrini bölüşdü.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub və uzunömürlü, nümunəvi ailələrə hədiyyələr və gül buketləri təqdim olunub.