“Bu da bir ömürdü...” kitabı işıq üzü görüb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərovun “Bu da bir ömürdü…” adlı yeni kitabı işıq üzü görüb. Bu kitab yalnız bir ömrün salnaməsi deyil, həm də Azərbaycan mətbuatının, xüsusilə də televiziya jurnalistikasının şərəfli bir imzasıdır.
Hüseyn Əsgərov müstəqillik dövrü Azərbaycan jurnalistikasının dəyərli simalarından biri olaraq, öz qələmi və qətiyyətli duruşu ilə media sahəsində özünə xas yeri var. O, həm televiziya, həm də yazılı mətbuat üçün illərlə fədakarcasına çalışıb, gündəlik həyatın içindən süzülən hadisələri qələmi ilə zamanın yaddaşına çevirib.
Kitabda 27 məqalə yer alır. Bu yazılar təkcə müəllifin müşahidə qabiliyyətini deyil, həm də hadisələrə olan dərin yanaşmasını, mənəvi və ictimai duyarlığını əks etdirir. Əsər “Bu da bir ömürdü…” adlı avtobioqrafik yazı ilə başlayır. Kitabda “Sədərəkdən Ordubadadək”, “Blokadanın məngənəsində”, “Yenidən teleradioda”, “Kimlər gəldi, kimlər keçdi bu qapıdan”, “Kəndə kino gəlib”, “Qəzet adamı vəzir də edə bilər, rəzil də”, “Meşin qapılar arxasında” və digər yazılar müəllifin ictimai düşüncə tərzini və publisistik üslubunu nümayiş etdirir.
Bu kitabda Hüseyn Əsgərov təkcə jurnalist deyil, həm də müşahidəçi, tarixçi və ədib kimi çıxış edir. Onun sözlərində bir tərəfdən sənədli dəqiqlik, digər tərəfdən isə humanist duyğuların poetik çaları hiss olunur. Müəllif öz yolunu gedərkən yaşlı nəsildən örnək götürmüş, gənc nəsil üçün isə mayak rolunu oynamışdır.
Qeyd edək ki, Hüseyn Əsgərov 7 kitabın müəllifidir: “Gülüşlərin cingiltisin saz kimi”, “Biz necə mütaliə edirik?”, “Aylı bir gecə”, “Heraklın on üçüncü qoçaqlığı”, “Həyat cəsurları sevir”, “Odla su arasında”, “Mirzə Cəlilin satira desantları Naxçıvanda”. Bu yeni kitab isə onun yaradıcılıq bioqrafiyasına həm mənəvi dəyər, həm də publisistik güc baxımından mühüm töhfədir.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru