Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu strategiyasında ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutur. Hələ Sovetlər İttifaqı dövründə ulu öndərimizin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Dahi rəhbər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Ulu öndərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir.
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: "Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi".
Ötən dövr ərzində böyük inkişaf yolu keçmiş hərbi lisey Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olmuşdur. “Heydər Əliyev adına Hərbi liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, tədrisin günün tələbləri səviyyəsində təşkili üçün qayğısını əsirgəmir. Bu gün liseydə kursantların təhsili, yaşayışı və asudə vaxtlarının səmərəli təşkili təmin edilmiş, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılmışdır. Liseydə kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzindədir. Müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilmişdir.
Hazırda Heydər Əliyev adına Hərbi Liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. Liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, iki linqafon kabinəsi, tarix, coğrafiya və hərbi kabinələr, 13 elektron lövhəli sinif, iki kompüter kabinəsi, müasir avadanlıqlarla təchiz olunmuş qapalı və açıq idman kompleksləri, süni örtüklü mini-futbol meydançası, zəngin kitabxana vardır. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur. Kitabxana fondu latın qrafikalı yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə təmin olunmuşdur.
Qərargah binasının birinci mərtəbəsində yerləşən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin hərbi liseyə səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir. Eksponatlar sırasında ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunan taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər xüsusi maraq doğurur.
Hərbi liseydə tədris zamanı kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilir, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu gün Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilmişdir. Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İl boyu keçirilən test-sınaq imtahanlarında, açıq və yoxlama dərslərində kursantların biliyi, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələri, xarici dil mənimsəmələri daim nəzarətdə saxlanılır. Həmçinin kursantların asudə vaxtlarının səmərəli təşkili isitiqamətində müvafiq tədbirlər həyata keçirilir. Liseydə bilik yarışları, viktorinalar, tematik gecələr, kitab müzakirələri, şeir, inşa müsabiqələri keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə, muzeylərə ekskursiyalar, teatr tamaşalarına, kinofilmlərə baxışlar təşkil olunur, mütəmadi olaraq oxunması zəruri olan kitabların müzakirələri keçirilir. Liseyin kursantları muxtar respublikada keçirilən bilik olimpiadalarının və idman yarışlarının, Əlahiddə Ümumqoşun Ordusu üzrə idman yarışlarının, bədii özfəaliyyət və baxış-müsabiqələrinin də fəal iştirakçılarıdır. Kursantlar ölkə və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak etmiş, onlardan 2-si qızıl, 1-i gümüş, 7-si bürünc medal qazanmışdır.
Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər. Fəaliyyəti dövründə liseyi 4 kursant qızıl, 4 kursant gümüş, 11 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Məzunlardan 64-ü xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirirlər. Liseyin 5 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hərbi lisey kursantlarına müraciətlə demişdir: "Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər görülür. Ordu, birləşmə və hissələrinin maddi-texniki təminatı gücləndirilir, silahlanmaya ən müasir döyüş texnikaları daxil edilir. Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçülür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir. Vətənə xidmətin əsasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqət dayanır. Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi öyrənməli, hər an Vətənin müdafiəsinə hazır olmalı, Azərbaycan zabiti adının şərəf və məsuliyyətini öz xidmətinizlə doğrultmalısınız".
Hərbi liseyin kollektivi bundan sonra qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, fiziki cəhətdən sağlam, savadlı və vətənpərvər gənclər yetişdirəcəkdir.
Mehri Qasımova
Heydər Əliyev adına Hərbi Liseyin
tarix müəllimi