“BookFest” bir sərgi yox bir görüş yeridir - FOTOLAR

A- A A+

BookFest bir sərgi yox bir görüş yeridir. Qəlblərin, zəmanələrin, düşüncələrin, dillərin və dinlərin görüş yeri. Burada sərhədlər yoxdur. Burada yalnız bir millət var, Oxucu milləti. Bir çağırış var, oxumağa çağırış. Söz burada yaşayır. Hər pavilyondan boylanaraq səslənir: “Bizi oxu... Bizi oxu...”

Söz pavilyonlarında min illərin sükutu pozulur. Haradan gəldiyi bilinməyən pıçıltılar qulaq batırır. Platon, Sokrat, Zərdüşt, Nizami, Sədi, Nəsimi, Füzuli, Tolstoy, Remark, Kafka və adını qeyd etmədiyim minlərcə dahi yazar bir anda hərəsi bir guşədən səni səsləyir. Arazın o tayından Şəhriyarın səsi ucalır, Narginin soyuq sahilində güllələnmiş Müşfiqin hönkürtüsü eşididilir. Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir” deyən Cavid oxucu qəlbinə öz səsi ilə yol tapır. Bu pavilyonlarda Tövrat da var, Zəbur da, İncil də, Quran da. Və hamısı eyni sözlə səni qarşılayır: “Oxu!”

Hər stend bir məbəd kimi qurulub. Sükunətin içində böyük bir çağırış var. Oxucu gah qəhrəmanın taleyinə xısın-xısın ağlayır, gah da bir yazarın xəyalından yapışaraq öz yoluna işıq saçır. Qurulan hər çadır bir məktəbdir.

Kitablar danışır bu meydanda. Pıçıltı ilə yox, ürəkdən. “Bizi oxu” deyirlər. Nizami pıçıldayır: “Ölçülüb biçilərsə incə fikir, incə söz, nə qədər gözəlləşər, olar ürəyincə söz”. Şeyx Nizami “Sirlər xəzinəsi”ndən açar uzadır ki, açın və oxuyun: Allahın ədəbi ilə ədəblənin, biliklə, fəzilətlə ölümsüz olun.

Birdən Şəhriyarın səsi gəlir... Ahəstə, yorğun, dərin. O hələ də Heydərbabadan nağıl danışır uşaqlara, lakin özü içindəki nağılı hələ də bitirə bilmir. Qonşu pavilyondan “Qoca və dəniz” bizə həyatın öz dilindən bir həqiqət pıçıldayır: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, ancaq məğlub eləmək olmaz”.

Bu sükuta Müşfiqin ahu-zarı qarışır. Narginin dumanlı gecəsindən gəlir səsi: “Ah mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim...”. Ömrünün 29-cu qışında Dilbərinin gözündən gilə-gilə düşən Müşfiqim. Yarımçıq bir ömürlə tamamlanmamış bir poeziyanın sehrinə qapılıb gedərkən qonşu stenddən Vahid xeyir-dua verərək piyalədə eşq meyini başına çəkir. Zeyd bir küncdə inzivaya çəkilərək Leylinin Məcnuna xısın-xısın ağlamağa davam edir.

Bir az aralıda Cek Londonun “Həyat eşqi”ni axtaran oxucular dolaşır. Onlara deyiblər ki, bu kitabda ümid var. O ümid ki, tikanlıqda belə nəğmə oxuyur. Qarşı tərəfdən Remark səslənir: “Aramızda sadəcə bir addım var. Amma bu addım bəzən bir ömür qədər uzun olur.” Çexov cavab verir: “Ən kiçik hərəkət belə gələcəkdə iz qoyur.” İngilis casusu əlavə edir: “İşıq olmadan yola çıxma.”

Avram Linkolnun müəllimmə yazdığı o möhtəşəm məktub iki vərəqdən ibarət olsa da, bir millətin gələcəyini bir müəllimə etibar edəcək qədər böyük düşüncə daşıyır. Sanki umummilli lider Heydər Əliyevin müəllimlərə xitabən dediyi o tarixi sözləri səsləndirir bu məktub: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Drayzer “Dahi” ilə öz oxucusuna özünü izah edir, Ovod öz qətlinə fərman verir, Kafka yenə də Milenaya yazdığı məktubları axtarır, Mariya Dominquez yenə kağız ev düəzldir. Heç kim boş deyil bu meydanda.

Gəlin dəstə-dəstə gedək Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin Gülüstanından əminlik öyrənək, Ruminin məsnəvisindən ruhlanaq, qanadlanaq, Nizaminin sirlərində hikmət tapaq. Nəsiminin huruflarında sözə çevrilək. Aşıq Ələsgərlə dastan olaq. Ordubadinin qələmində qılınca dönək. Təbrizin dumanında Şəhriyarın qayıqçısı, Cavidin İblisindəki Mələk, Müfiqin xəyalındakı xəzər olaq.

BookFest bir sərgi yox bir görüş yeridir. Qəlblərin, zəmanələrin, düşüncələrin, dillərin və dinlərin görüş yeri. Burada sərhədlər yoxdur. Burada yalnız bir millət var, Oxucu milləti. Bir çağırış var, oxumağa çağırış. Söz burada yaşayır. Hər pavilyondan boylanaraq səslənir: “Bizi oxu... Bizi oxu...”

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: