“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub - FOTOLAR
“ARB Günəş” “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edib. Yeni klip Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri, Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevanın xatirəsinə həsr olunub.
NUHÇIXAN xəbər verir ki, sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını İqor Kşnyakinin qızları Anastasiya Kşnyakina və Darya Kşnyakina ifa ediblər.
Tədbirdə çıxış edən ARB Günəş TV-nin rəhbəri, layihənin rəhbəri Məhsim Məhsimov deyib: “İki ay bundan əvvəl bəstəkar Sevinc Tofiqqızı mənə məlumat verdi ki, qəhrəman pilotumuz İqor Kşnyakinin qızlarının vokal bacarığı var. Sevinc xanım da bizim dəyərli şairimiz Baba Vəziroğlunun sözlərinə bir mahnı bəstələdi. Biz AZAL-a müraciət etdik və müsbət cavab aldıq. Onlar bütün təşkilati məsələlərdə bizə yardım etdilər”.
Qəhrəman pilot İqor Kşnyakinin həyat yoldaşı Yana Kşnyakina deyib ki, layihə İqorun necə bir insan olduğunu əks etdirir. O, layihənin onun üçün böyük hədiyyə olduğunu bildirib.
Şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ekran əsərinə baxarkən o acı günlərin kədərini yenidən yaşadığını, bu barədə danışmağın çox çətin olduğunu qeyd edib. "Onlar əbədi bir qəhrəmanlıq yazdılar. Bu layihənin ərsəyə gəlməsi isə bizim borcumuz idi. Qəhrəmanlarımızın xatirəsi yaddaşlardan heç bir zaman silinməyəcək", - deyə şair vurğulayıb.
İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina bu layihənin onlar üçün çox böyük məna kəsb etdiyini və onun ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib.
Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatorları Azər Sultanov və Tomas Abuşov, ssenari müəllifi Məmməd Məmmədəliyev, prodüseri Çimnaz Şixverdiyevadır.
Çəkilişlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində aparılıb.
Qeyd edək ki, ekran işi mayın 19-u, Milli Qəhrəman İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü günündə ictimaiyyətə təqdim olunub.
https://www.youtube.com/watch?v=Yf5s1_rezW0