Ali Məclis sədrinin birinci müavini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır.
Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.