Mərəz və qərəz (Qərəzli iradlar, əsassız iddialar)

A- A A+

Azərbaycan xalqının və dövlətinin müstəqilliyi günbəgün yaşa dolur. Birlik və sabitlik şəraitində müstəqil dövlətin iqtisadi gücü artdıqca indiki mürəkkəb qlobal dünyada ölkə də inkişaf edir, demokratiya genişlənir, xalqın problemləri, güzəranı yavaş-yavaş düzəlməyə doğru gedir və Qarabağ kimi dərdimizin olmasına baxmayaraq biz bu irəliləyişi hər an hiss edirik. Çünki milli dövlətimiz vardır. Ulu öndərimizin dövlətçilik təcrübələri, əsasını qoyduğu inkişaf konsepsiyası dövlətimizin bir siyasi qurum kimi gələcəyinə böyük inam yaradır. Elə Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb.

Mənim yetmişə yaxın yaşım var. 1991-1992-ci illərdə “Naxçıvan Azərbaycanın kor bağırsağıdır” deyən Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyəti dövründə diyarımızın nə qədər zillət və məhrumiyyətlər içərisində yaşadığı bu gün də yadımdan çıxmayıb. Müstəqillik illərində Ulu öndərimizin böyük qayğısı ilə Naxçıvan yavaş-yavaş dirçəldi. Son 15 il ərzində isə ulu öndərin siyasi xəttinə sadiq qalan ölkə Prezidenti İlham Əliyev və Ali Məclisin Sədri cənab Vasif Talıbov isə Naxçıvanı inkişaf etdirib qabaqcıl bir regiona çevirdilər. Bu siyasi kurs olmasaydı, indi Naxçıvanın taleyi sual altında olacaqdı. Bu gün Naxçıvan güclü iqtisadiyyatı, ordusu, vətənpərvər və intellektli gəncliyi, sabitlik və təhlükəsizliyi olan bir diyardır. Muxtar Respublikada əsaslı şəkildə yenidən qurulan muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktur, otellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyəsi bölgəni həm də turizm üçün çox cəlbedici edib. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist gəlib.

Muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Təsadüfi deyildir ki, 2019-cu il bu bölgədə Ailə təsərrüfatları ili elan olunub.

İnamla demək olar ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Amma Naxçıvan Muxtar Respublikasının intibah dövrünü yaşaması, dinamik inkişafın günbəgün yüksəlişi bəzi şəxslərin xoşuna gəlmir. Muxtar respublikanın böyük uğurlarını həzm edə bilməyənlərdən biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri, 7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Qüdrət Həsənquliyevdir. Qüdrət Həsənquliyev müxtəlif saytlara müsahibə verib. Bu müsahibələrdə muxtar respublikamızda sosial-iqtisadi və mədəni inkişafı təqdir etmək əvəzinə, əldə olunmuş nailiyyətlərə, qazanılmış müvəffəqiyyətlərə kölgə salmağa çalışıb. Bəri başdan birmənalı şəkildə deyim ki, millət vəkilinin Naxçıvan haqqındakı subyektiv iddialarının heç biri həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Onu da qeyd edim ki, Naxçıvandan seçilən millət vəkilinin öz mülahizələrini, təkliflərini ifadə etməsi üçün milli məclis tribunasından deyil, kütləvi informasiya vasitələrindən istifadə etməsi də populist xarakter daşıyır və bizdə təəssüf hissi doğurur. Onun bu hərəkəti öz fikirlərində tamamilə qərəzli mövqe tutduğunu bir daha təsdiq edir. Müsahibələrindən birində deputat göstərir ki, güya Naxçıvan bölgəsində kəndlər dağılıb gedir, elə bil müharibədən çıxıb. Bu fikir şər-böhtandan başqa bir şey deyil. Çünki artıq neçə illərdir ki, muxtar respublikanın rayon mərkəzləri və kəndləri tamamilə abadlaşdırılıb, asfalt yol salınıb, yeni məktəb binası, sosial obyektlər, poçt və həkim ambulatoriyaları tikilib. Kəndlərimizin simasını dəyişməsi, abadlaşması buraya gələn qonaqlar, turistlər tərəfindən həmişə dilə gətirilib, kütləvi informasiya vasitələrində rəsmiləşdirilib. Görəsən, ağa qara deməklə iddiaçı nə məqsəd güdür?

Qüdrət Həsənquliyevin digər bir yersiz iddiası da ondan ibarətdir ki, Naxçıvanın muxtariyyət statusuna yenidən baxmaq lazımdır. Biz yaşlı ziyalılar yaxşı bilirik ki, hələ 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə həmin məsələ gündəliyə gətirilmişdi. Bu o dövr idi ki, Naxçıvanı xain qonşularımız blokadaya salaraq onun ərazisinə hücumlar edirdi. Bu müharibədə tək qalan Naxçıvan ağır vəziyyətə düşmüşdü. Həmin 1992-ci ildə Naxçıvanın xilaskarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1921-ci ildə imzalanmış Qars müqaviləsi, Türkiyənin Naxçıvan üzərindəki qarantor dövlət olmasını gündəliyə çıxarıldı və bu dahi insanın sayəsində Naxçıvan düşmən təhlükəsindən xilas edildi. İndi Qüdrət Həsənquliyevin bu məsuliyyətsiz iddiaları çox təəssüf ki, mənə həmin dövrü xatırlatdı.

Qüdrət Həsənquliyev müsahibələrində görülən işlərə kölgə salmaq üçün şantaj metoduna əl atır, tez-tez təkrar edir ki, bölgədəki bu sıçrayışlı inkişaf guya muxtar respublika rəhbərinin məqsədyönlü və fədakar təşkilatçılıq fəaliyyətinin nəticəsi deyil, ayrılan dotasiyanın nəticəsidir. Opponent rolunda çıxış edən Q.Həsənquliyev unudur ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Ölkə prezidenti düşmən əhatəsində qalan, ana torpaqdan ayrı düşmüş bu qədim Azərbaycan yurdunun sosial-iqtisadi inkişafı məsələləri ilə həmişə yaxından maraqlanmış, diqqət mərkəzində saxlamış və muxtar respublika rəhbərinin fəaliyyətinə də düzgün və yüksək qiymət vermişdir. 30 ilə yaxındır blokada şəraitində yaşayan, amma hərtərəfli və dayanıqlı inkişafa nail olmuş bu qədim oğuz yurduna səfəri zamanı ölkə prezidenti cənab İlham Əliyev deyib: “. . . Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Verdiyi müsahibələrdən belə görünür ki, bu deputatın lovğalıq, təkəbbür, özünü hamıdan ağıllı hesab etmək kimi mərəzi, xəstəliyi var. Ona görə ki, müsahibələrində bölgəyə gələndə ona kifayət qədər yüksək səviyyədə diqqət göstərilməməsi haqqında giley notları da səsləndirir. Bəlkə də ağa qara demək, bu boyda inkişaf və tərəqqini inkar etmək bu xırda hisslərdən qaynaqlanır. Ona görə də səsləndirdiyi iradlar gerçəkliyi əks etdirmir. Mərəzdən qərəz meydana çıxır. Bu kimi qərəzli fikir və iddialar isə bir naxçıvanlıya, millət vəkilinə yaraşmayan sözlər və ifadələrdir. Qüdrət Həsənquliyevin muxtar respublikamızdakı davamlı dinamik inkişafa qara yaxmaq istəməsi, əldə olunmuş böyük nailiyyətlərə kölgə salmaq istəməsi biz ziyalıları hiddətləndirir. İnanırıq ki, Qüdrət Həsənquliyev özündə cəsarət tapıb müstəqil dövlətimizin gözəl bir guşəsi, qədim Oğuz yurdu olan muxtar respublikada əldə olunmuş nailiyyətləri, böyük intibahı düzgün qiymətləndirəcəkdir.

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: