Xüsusi təyinatın Anar Əliyev zirvəsi - İgidin adını eşit, üzünü görmə...

A- A A+

2019- cu ilin fevral ayında “Vətənimə xidmət edirəm” verilişinin çəkilişini aparırdıq. İlk dəfə Anar Əliyevin adını o zaman eşitdim. Hərbi hissədə həm bizim heyət , həm də başqa media qurumları çəkiliş edirdi. Anar Əliyev digər heyətin müsahibi idi. Müəyyən məxfilikləri qorumaq üçün zabitin üzü maskalanırdı, ona görə üzünü görə bilməmişdim. Lakin həmin hərbi hissədə olan hər kəs deyirdiki, Anar Əliyev xüsusi təyinatın əfsanələrindən biridir...

Vətən müharibəsinin başlanması bizə yalnız Qarabağımızı, bütövlüyümüzü qaytarmadı. Həm də Vətənə sipər olan qəhrəman oğulları tanıtdı. Düzdür bizim xalqımız bilirdi ki çox güclü və cəsur ordusu var, amma o döyüşçülərin adı da, siması da sirr kimi saxlanırdı.

Müharibənin ilk günündən etibarən biz o igidləri tanıdıq, adlarını əzbərlədik. Xoş təsadüfdən mən də müharibədə vuruşan dağ vüqarlı el oğulları ilə bağlı müxtəlif veriliş, sujetlər hazırlayır, daha yaxından onları tanıyıb, döyüş yollarını tamaşaçılara çatdırırdım. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı heyətinin Vətən müharibəsinə qatılması ilə Anar Əliyevin adını bir daha eşitdim :“ Qarabağa yollanan Naxçıvan heyətinə Anar Əliyev rəhbərlik edir”

Günnütdən Qarabağa...

Anar Əliyev 18 iyul 2014- cü ildən başlayaraq Naxçıvan Xüsusi Təyinatlılarında xidmət edib. Xidməti müddətində müxtəlif hərbi hissələrdə ən çətin və məxfi tapşırıqları layiqincə yerinə yetirib. Bu qüsursuz fəaliyyətinə görə xidmətinin 10 illiyində 3-cü dərəcəli , 15 illiyində isə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

 Naxçıvan Xüsusi təyinatlılarında səngərdə ilk dəfə döyüş patronu ilə fəaliyyət təlimi də Anar Əliyevin adı ilə bağlıdır.  Döyüş sursatları ilə birbaşa səngər əməliyyatının icra edilməsi ən çətin taktiki təlimlərdən biridir. Bu təlim zamanı heyətin hazırlıq səviyyəsi o qədər yüksək olmalıdır ki, səngər döngələrində bir-birlərini vurmasınlar. Bu da  çox böyük peşəlkarlıq tələb edir. Anar Əliyev əminidi ki, heyəti təlimi ən yüksək səviyyədə həyata keçirəcək və zamanı gələndə Qarabağ döyüşlərində məhz bu taktiki təlimdən istifadə ediləcək.

  Həmçinin Anar Əliyev peşəkar zabit hazırlığına və yüksək döyüş bacarığına görə “Usta”adını qazanıb. Hərb sahəsindən məlumatı olanlar bilir ki bu adı qazanmaq necə çətin və ən əsası məsuliyyətli məsələdir. Bəli məsuliyyətli, çünki bu adı qazanan zabit həm biliyi, bacarığı, döyüş hazırlığı həm də şəxsi keyfiyyətləri ilə nümunə olmalıdır. Hələ  hələ də söhbət xüsusi təyinatın komandirindən gedirsə... Anar Əliyev isə bütün bu sadalanan keyfiyyətlərin ona xas olduğunu ilk olaraq Günnüt əməliyyatında sübut etdi desək heç də yanılmarıq.  2018- ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordu heyəti Şərur rayon Günnüt kəndini düşnməndən azad etdi. Anar Əliyev də Günnüt zəfərinin qəhrəmanlarından biridir.  Bu zəfərdən sonra vətən oğlu “Şücaətə görə” medalı ilə təltif edilib.

Günnüt zəfərindən sonra Anar Əliyev bilirdi ki öz elinə, yurduna -Kəlbəcərə qayıdacağı günə lap az qalıb. Və elə düşündüyü kimi də oldu. 11 oktyabr 2020- ci ildə Anar Əliyevin rəhbərlik etdiyi heyət Bakıya, ordan da Qarabağa yollandı, 13 oktyabr tarixindən etibarən Hadrut , Edilli, Axullu istiqamətində xüsusi təyinatlılar döyüşə qatıldı. Qısa müddət ərzində böyük ərazilər düşməndən təmizləndi, Vətən torpağı qarşı qarış öz doğma sakinlərini qarşıladı. 17  oktyabr tarixində isə Anar Əliyev xidmət etdiyi hərbi hissənin komandiri vəzifəsinə təyin olundu. Müharibə meydanında bu xəbəri eşitmək həm zabit həm də heyəti üçün böyük sevinc və ruh yüksəkliyi yaradır.  Bu xəbərin ardınca Zəngilan şəhəri düşməndən azad edilir. Bu qürurlu xəbəri Ali Baş Komandana məruzə etmək tapşırığı da Anar Əliyevə həvalə edilir. 20 oktyabr tarixində polkovnik- leytenat Zəngilanda üçrəngli bayrağımızın dalğalandığını məruzə edir.

Şuşa əməliyyatına aparan tapşırıq...

Hər keçən gün Azərbaycan ordusu Qarabağı  qarış-qarış azad edir, Vətən səmasında üçrəngli bayrağımız bərq vururdu. Sıra isə daha böyük tapşırığa çatmışdı. “Şuşa əməliyyatına”...

Şuşa əməliyyatı döyüş taktikasına, müzəffər ordunun yerləşmə mövqeyinə, hücum planına görə dünya hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatlardandır. Əlbətdəki bu əməliyyata başlamaq üçün müxtəlif istiqamətlərdən əsas yüksəkliklər azad edilməliydi. Bu istiqamətlərdən biri də Anar Əliyev və heyətinə həvalə edilmişdi.

Son döyüş- “772 yüksəkliyi”

20 oktyabr tarixində Anar Əliyev  rabitə vasitəsilə döyüş yoldaşları ilə danışır və söyləyir ki,  tapşırığı almışam, fəaliyyətə başlamışam. Döyüş yoldaşları Anar Əliyev deyir ki səninlə qürur duyuruq, bu əməliyyatın açarı həmin yüksəklikdir.

Anar Əliyevin heyəti tapşırığın icrasına başlayır, qısa vaxt ərzində yüksəklik düşməndən azad edilir. Bu əməliyyat zamanı vətən oğlu iki güllə yarası alır.  21 oktyabr səhər saatlarında isə Anar Əliyev şəhadətə ucalır. 25 oktyabr tarixində  II Şəhidlər Xiyabanında dəfn edilir.

Qəhrəman vətən oğlu Ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” fəxri adına layiq görülür. Həmçinin “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün Naxçıvan xüsusi təyinatlılarında Anar Əliyevin adı xüsusi qürur, sevgi, ehtiramla çəkilir. Şəhid polkovnik-leytenantın çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları ondan sonsuz fəxrlə bəhs edirlər. Şuşa şəhəri işğaldan azad edilən zaman Şuşa şəhər icra hakimiyyətində dalğalandırılan ilk bayraqda da məhz Anar Əliyevin adı yazılıb. “Anar Əliyev başda olmaqla bütün şəhidlərimizin şərəfinə bu bayraq Şuşada dalğalandırılır” sözləri də məhz o tarixin şanlı xatirələrindəndir. 

Bildiyimiz kimi mənsubluq anlayışı yalnız orduya aid edilir. Anar Əliyev isə Vətənə sevgisi, xidmətə bağlılığı ilə xüsusi təyinata, orduya mənsub olmağın necə böyük bir sevda və qürur olduğunu sübut etdi.

Məsumə Şirəliyeva

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: