Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən, həmçinin həmin əşyanı istifadə edən şəxslər aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib.
Qeyd olunub ki, Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.
Araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları yoxlamadan gizlətməklə müəsissəsinin daxilinə keçirərək cəzaçəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən edilib.
Törədilmiş əməllərdə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib.
İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə Muxtar Respublika Prokurorluğuna göndərilib, faktla bağlı Cinayət Məcəlləsinin 308.1, 317-1.2 və 317-2.2 maddələri ilə cinayət işi başlanmış və istintaq aparılıb.
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adı keçən əməkdaşı Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin edilib.
Hökm qanuni qüvvəsini almış və icraya yönəldilib.
Qeyd olunub ki, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsinin təmin edilməsi, qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsinın qarşısının alınması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən daim nəzarətdə saxlanılır.