Zərifliyin daşa hopmuş abidəsi

A- A A+

Bu gün Möminə xatının ucaldığı Naxçıvan torpağı sevincin, qürurun və ehtiramın zirvəsindədir. Dünən Prezident İlham Əliyevin Möminə xatun türbəsinin bərpası ilə bağlı imzaladığı sərəncam bu əzəmətli abidəyə yalnız fiziki deyil, mənəvi bir dirçəliş də bəxş etdi. Bu sərəncam tarixə vurulan ehtiram möhürü, qadının tarixdəki izinə, sənətə, zərifliyə və dövlətçilik ruhuna verilən ali dəyərdir.

Möminə ana, sənin ruhuna ünvanlanan bu diqqət bizə göstərir ki, sən yalnız keçmişin deyil, həm də bu günün və sabahın mayasısan, yol işığısan. Ucaldıqca ucalır, təkcə daşlarda deyil, ürəklərdə də abad edilirsən.

İndi bu sərəncamın işığında Naxçıvan səması daha firuzəyi, Möminə ananın duruşu isə daha vüqarlı görünür. Daşlara hopmuş o dərin baxışlar bu gün bizə daha yaxın, daha canlıdır. Gəlin bu xəbərin bizə bəxş etdiyi ehtişamı birlikdə hiss edək, Möminə xatının bərpası ilə onun dirilən nəfəsini duyaq.

Sən, ey zərif qızıl telli, iffətli qadın. Sən, ey ustad sənətkarın belə qarşısında aciz qaldığı məğrur ana. Sən, ey daşlara hopmuş və kövrəkliyini qapı başında gizlədən naxışlar səltənəti. Mahiyyətin necə dərin və məzmunlu, əzəmətin necə də əsrarəngiz və ecazkardır.

Sən əsrlər öncə daşlara gömülmüş, bənzərsiz naxışlarla əhatə olunmuş Atabəylər yadigarı Möminə xatınsan. Gözləri oxşadığın kimi könüllərə də firavanlıq və dinclik bəxş edirsən. Ziyarətinə gələnlər səndə ruhi bir rahatlıq tapır, əzəmətli duruşunla səni seyr edənlərin qəlbinə sirayət edir, gözlərdə ucaldıqca ucalırsan.

Sən elmlə sənətin körpüsüsən, Möminə ana. Sənsən Nizaminin Fərhadına Evklid həndəsəsinin sirlərini açan alim, daşlarla Çin naxışı çəkən zərif duyğulu memar.

Bu gün Möminə xatın türbəsi artıq gələcəyin abidəsinə, bir millətin zərifliyə və gücə, sənətə və şəxsiyyətə verdiyi dəyərin müjdəçisinə çevrilir.

Möminə xatunun türbəsi Əcəmi Naxçıvaninin qələmindən doğulan heykəlləşmiş musiqidir. Bu musiqi daşa dönmüş eşq, zəriflik və əzəmətin rəmzidir. Prezidentin imzaladığı sərəncam bu musiqiyə yeni nəfəs, bu yaddaşa yeni həyat verir.

İndi Möminə xatın nəinki tarixdə, həm də bu günün yaşayan mədəniyyətinin, milli şüurunun və qadın ləyaqətinin simvoluna çevrilərək ucaldıqca ucalır. Sən, ey məğrur qadın bu torpağın sənin kimi analarla ucaldığını, sənin kimi heykəllərlə tarazlandığını bir daha göstərdin.

Günün mübarək, Möminə ana!

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktrou

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: