“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tədbirdə çıxış edərək tədbiri hüquqi dövlət quruculuğundakı müstəsna xidmətləri ilə yadda qalan Ulu Öndər Heydər Əliyevin irsinə dəyərli töhfə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi davamlı şəkildə inkişaf etdirilir, Konstitusiyanın müddəaları xalqın gündəlik həyatında konkret nəticələrlə öz əksini tapır. Bu uğurların davamı olaraq ölkə üzrə genişmiqyaslı sosial-iqtisadi islahatlar həyata keçirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikanın planlı və davamlı inkişafını təmin edən strateji sənəddir. Proqramda infrastrukturun yenilənməsi, iqtisadi potensialın reallaşdırılması, sosial rifahın yaxşılaşdırılması və biznes mühitinin dəstəklənməsi kimi istiqamətlər ön plana çıxarılır. 2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əldə olunan sosial-iqtisadi göstəricilər həyata keçirilən siyasətin uğurla icra olunduğunu sübut edir. Belə ki, ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artım deməkdir. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun 0,8 faiz artaraq 1009 manata çatması isə dövlət siyasətinin insan amili üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu göstəricilərin həm iqtisadi sabitliyin, həm də səmərəli və hüquqi əsaslara söykənən idarəetmənin nəticəsi olduğunu qeyd edən Samir Seyidəhmədli vurğulayıb ki, Naxçıvanın sabit və dayanıqlı inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov qeyd edib ki, Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi təşəbbüsü ölkəmizdə hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji bir addımdır. Dövlət başçımızın rəhbərliyi ilə mühüm əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılması, digər sahələrdə müsbət inkişaf tendensiyalarının, məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilib. İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı tikinti, quruculuq, abadlaşdırma və əhalinin öz doğma yurdlarına qayıdışı həyata keçirilir. Yusif Yusifov Dövlət Statistika Komitəsi olaraq artıq Şərqi Zəngəzur və Qarabağda yaşayan əhalinin statistik göstəricilərini hazırladıqlarını qürur hissi ilə qeyd edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov Konstitusiyanın dövlətimizin siyasi və hüquqi müstəqilliyinin rəmzi, həmçinin Azərbaycan xalqının iradəsini, azad və ədalətli cəmiyyət qurmaq istəyini əks etdirən hüquqi manifest olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, Böyük Qayıdış proqramı, milli təhlükəsizlik strategiyaları suveren və güclü dövlətin real göstəriciləridir.

Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: