Naxçıvanda Muxtar Respublikasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar bayram tədbirlərinə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin birincisi Kəngərli rayonunda keçirilib
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəsdələri qoyulmuşdur.
Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri çıxış nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından və sağlam, savadlı, vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb. Həmçinin K.Ələkbərov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu itiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü yalnız bir bayram deyil, həm də uşaqların hüquqlarını qorumaq, onların sağlam və təhlükəsiz bir mühitdə böyümələrini təmin etmək üçün xatırlatma günüdür. Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara xüsusi qayğı göstərmiş və demişdir: “Uşaqlara qayğı – ən vacib, müqəddəs vəzifələrimizdən biridir. Cəmiyyətin gələcəyi məhz uşaqlardan asılıdır.” Bu sözlər müstəqil Azərbaycanın uşaq siyasətinin əsasını təşkil etmişdir. Dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumiyyətlə bütün kateqoriyadan olan uşaqlar dövlətin qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələr kimi, uşaqlarla bağlı məsələlərin, xüsusən də təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılması, 2025-ci ildə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın adı “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya” kimi dəyişdirilərək fəaliyyətini davam etdirmişdir. Müvafiq komissiyalar tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda, o cümlədən uşaq müəssisələrində monitorinqlər təşkil olunur. Bundan başka R.Seyidova bildirmişdir ki, uşaqların təhsildən yayınma hallarının qarşısının alınması və davamiyyətin təmin edilməsi istiqamətində Komitə tərəfindən tədbirlər görülüb. Uşaqların təhsildən yayınmasının səbəblərinin araşdırılması və onların təhsilə cəlb olunması ilə bağlı “İşçi qrupu” yaradılmışdır. Monitorinqlər zamanı uşaqların ailələrinin yaşayış və sosial vəziyyətləri, valideynlərin məşğulluqları, uşağın psixologiyası, eləcə də təhsildən yayınma səbəbləri araşdırılmış, qeydiyyat aparılmış və uşaqlar Komitənin nəzarətinə götürülmüşdür. Komitədə müvafiq uşaqlarla bağlı məlumat bazası yaradılmış, əldə edilən məlumatlar bazaya əlavə edilmiş və 23 uşağın dərsə davamiyyəti təmin edilmişdir. Sonda Komitə sədri uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə Kəngərli rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan şagird Nurçin Abdullayeva qazandığı uğurlardan danışıb, yaradılan şərait, göstərilən diqqət, müasir təhsil imkanları və dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə, Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən isə hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Kəngərli rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçalarının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.